Çökən yol “Bakı Metropoliteni”nin sifarişi ilə salınıb


20:03     16 İyul 2018 2018/07/ggg_1531743115.jpg

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməyib və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.



Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Qeyd edək ki, çökmə qeydə alınan hissə "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.



Femida.az

Açar sözlər: #Yol   #Çökmə   #Torpaq   #Bina  

Oxunub: 575