Dövlət Neft Fondunun aktivləri artıb


16:28     17 İyul 2018 18_07_17_1531816153.jpg


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 173,7 milyon manat, büdcə xərcləri isə 4 731,6 milyon manat təşkil edib.

Fondun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akrhesabı ödənişlər 500 min manat olub.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 508,0 milyon manatdır.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4608 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılıb. 2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat təşkil edib.

2018-ci il iyulun 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 6,22% artaraq 38 036,1 milyon ABŞ dollar olub ki, aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına formalaşıb.

Femida.az

Açar sözlər: #neft   #fond   #iqtisadiyyat   #gəlir  

Oxunub: 469