İtaliya prezidenti: “Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”

İtaliya prezidenti: “Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”


18:27     18 İyul 2018 2018/07/serc_1531909955.jpg

"Mənə və məni müşayiət edən nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Eləcə də bu gün keçirdiyimiz təkbətək və geniş tərkibdə görüşlərə və orada deyilən sözlərə görə də Sizə bir daha təşəkkür edirəm. Bildiyiniz kimi, mən İtaliyanın Azərbaycana səfər edən ilk prezidentiyəm. Mən bundan çox böyük məmnunluq duyuram. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlmişəm və dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Bu dəvət və bizim münasibətlərimiz ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsidir. Bizim bu gün gündəliyimizdə olan məsələlər ikitərəfli münasibətlərimizi nəzərdə tutan bütün sahələri diqqətdə saxlayan məsələlərdir. Çünki İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir. İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır”.


Femida.az-ın məlumatına görə, bunu İtaliya prezidenti Sercio Matarella Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

O qeyd edib ki, radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir: “Biz söhbətlərimiz zamanı eləcə də terrorizmə və qeyri-qanuni ticarət yollarına qarşı mübarizəyə dair də fikir mübadiləsi apardıq və eyni fikirdəyik. Bizim strateji və kommersiya sahəsində olan əməkdaşlığımız barədə də geniş fikir mübadiləsi apardıq. Bizim enerji sahəsi üzrə mükəmməl əməkdaşlığımızdan əlavə digər sahələr üzrə də əməkdaşlığımızın mümkünlüyündən və onların önəmindən danışdıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətindən danışdıq. Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır. Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər. Bundan əlavə, biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər. Bildiyiniz kimi, sabah Azərbaycan prezidenti İlham Əliyev ilə birgə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bu tədbirin mənim səfərim çərçivəsində keçirilməsi doğrudan da bizim əməkdaşlığımızın hərtərəfli olmasını və xüsusilə iqtisadiyyat sahəsinin Azərbaycan və İtaliya münasibətlərində nə qədər önəm kəsb etdiyini bir daha göstərir”.

O qeyd edib ki, bizim münasibətlərimiz siyasi, iqtisadi, energetika baxımından təbii ki, ən əhəmiyyətli rola malikdir: “Lakin bundan əlavə, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. Biz fikirləşirik ki, elmin və texnologiyanın hesabına hər iki dövlət arasında mədəniyyət sahəsində olan əməkdaşlığı inkişaf etdirə bilərik. Bu baxımdan qeyd etmək istəyirəm ki, mən Azərbaycanın önəmli universitetlərindən biri olan ADA Universitetində bu gün tələbələrin qarşısında çıxış edəcəyəm. Eləcə də İtaliya hökuməti tərəfindən verilən təqaüdlərin qalibi olan Azərbaycan tələbələrinə həmin təqaüdləri təqdim edəcəyəm. Mən Milanda keçirilən “Ekspo” sərgisi zamanı Azərbaycan pavilyonunu bir daha xatırlatmaq istəyirəm. Çünki Azərbaycan pavilyonu öz möhtəşəmliyi ilə bütün ölkələrin diqqətini cəlb edibr. Bu xüsusda Heydər Əliyev Fonduna və onun prezidentinə həm bu pavilyonunun hazırlanmasına, həm də Romada restavrasiya işlərinin görülməsinə və digər tədbirlərin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, bizim gənc istedadlar arasında mübadilə aparmaqla da əməkdaşlığımıza əlavə töhfə verə bilərik”.

Femida.az

Açar sözlər:

Oxunub: 200