Nazpəri Dostəliyevanın evindən oğurlanan məbləğ AÇIQLANDI


22:55     19 İyul 2018 nazperi.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Məlum olub ki, N. Dostəliyevaya ümumilikdə 306 min 787 manat məbləğində ziyan dəyib.

İttihama münasibət bildirən C. Əliyev, R. Verdiyev, Y. Hüseynli və özlərini qismən təqsirli bilib.

N. Fərəcov isə özünü təqsirli bilib.

Proses avqustun 30-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il avqustun 19-da Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olan şəxslər içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

A.Həmidov taksi sürücüsü olub.


İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib.

Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1177