Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçildi


17:29     20 İyul 2018 18_07_20_1532079136.jpg


Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XV Hesabat-Seçki Qurultayı keçirilib.

Femida.az-ın məlumatına görə, qurultay Dövlət himninin oxunması və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ARGTMŞ sədri Seymur Hüseynov qurumun 2016-2018-ci illər üzrə hesabatını təqdim edib. S.Hüseynov qurultayda Şura sədrliyinə namizədliyini irəli sürməyəcəyini nəzərə çatdırıb, sədrliyə namizədliyi irəli sürüləcək gənclərə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev ARGTMŞ-nin son 2 ildə bir çox uğurlara imza atdığını bildirib:

"Şura Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb. ARGTMŞ dövlət qurumlarının da etibarlı tərəfdaşına çevrilib, bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatları gənclərin problemlərini, mövqelərini toplamalı, ARGTMŞ-yə təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynova ötən 2 il ərzində fəaliyyətinə görə təşəkkür edirəm".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb.

Ü.Quliyev parlamentin payız sessiyasında gənclərlə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

ARGTMŞ-nin fəaliyyətini təqdir edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə Şuranın yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra ARGTMŞ sədrliyinə namizədliyini irəli sürmüş Məryəm Məcidova çıxış edib.

Qurultayda səsvermə nəticəsində M.Məcidova Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri seçilib.

Qeyd edək ki, M.Məcidova bundan əvvəl ARGTMŞ-nin baş katibi olub.

Femida.az

Açar sözlər:

Oxunub: 722