Bakı Olimpiya Stadionu qırmızı rənglə işıqlandırılacaq


17:41     20 İyul 2018 president_olimpia_stadion__180315_01.jpg

"Special Olympics" - Xüsusi Olimpiya hərəkatının 50 illik yubiley tədbirləri çərçivəsində dünyanın simvolik memarlıq abidələri iyulun 20-də qlobal birliyin rəmzi olaraq qırmızı rənglə işıqlandırılacaq.



Gənclər və İdman Nazirliyindən Femida.az-a verilən məlumata görə, Azərbaycanın daha inklüziv dünyanın yaradılmasına dəstəyini nümayiş etdirmək məqsədilə Bakı Olimpiya Stadionu iyulun 20-i saat 21:30-da qırmızı rənglə işıqlandırılacaq. Dünyada 100-dən artıq bina bu təşəbbüsdə iştirak edəcək və tolerantlıq və fərqliliklərə hörmət nümayiş etdirəcək.

Bu akt inklüzivlik inqilabını əks etdirir - Xüsusi Olimpiya hərəkatının missiyası əqli qüsurlu insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və inklüziv cəmiyyətlər formalaşdırmaqdır.

Bu təşəbbüsdə iştirak edəcək yerlərə ABŞ və Kanadada Niaqara şəlaləsi, Mexiko şəhərində Müstəqillik Mələyi abidəsi və Pekində Su Kubu daxildir. Avropa və Asiyada da bir sıra abidələr bu təşəbbüsə qoşulacaq.

İnklüzivlik naminə binaların işıqlandırılması təşəbbüsü iyulun 17-21-də Çikaqo şəhərində keçirilən "Special Olympics" təşkilatının 50-ci ildönümü ilə bağlı yubiley tədbirlərinin bir hissəsidir. Çikaqo 1968-ci ilin iyul ayında ilk dəfə keçirilmiş Beynəlxalq "Special Olympics" Yay Oyunlarının vətənidir.

"Special Olympics" hərəkatının 50 illik yubiley tədbirləri Azərbaycanda davam edəcək. Sentyabrda Bakı "Special Olympics Qlobal Gənc Liderlər" forumuna ev sahibliyi edəcək. Azərbaycan daxil olmaqla təxminən 30 ölkəni təmsil edən 30-dan artıq gənc və yaşlı liderlər sentyabrın 24-dən 28-dək Bakıda toplaşacaq. Qlobal Gənc Liderlər Dorumu "Special Olympics" şüarı altında gənclərin aparıcı rol oynayacağı sosial layihələrin yeni erasının əsasını qoyacaq. Azərbaycan hökumətinin tam dəstəyinə malik bu forum iştirakçılara öz ölkələrində daha inkluziv icmalar formalaşdırmaq üçün təlim verəcək və imkanlar yaradacaq.

Forumun keçirilməsi haqqında qərar aprel ayında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Special Olympics" Avropa və Avrasiya üzrə prezidenti və icraçı direktoru Devid Evangelistanın iştirakı ilə keçirilmiş imzalanma mərasimində elan olunmuşdu.

Növbəti "Special Olympics" Dünya Yay Oyunları 14-21 mart 2019-cu il tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək. Dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı bu yarışda iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 524