Cinayət törədən əsgərin cəzası bitdikdən sonra hərbi xidmətə davam etməlidirmi? - QANUN

Cinayət törədən əsgərin cəzası bitdikdən sonra hərbi xidmətə davam etməlidirmi? - QANUN

15:09     20 İyul 2018 2018/07/esger2_1532085612.jpg


Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur və vətəndaşlar qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçirlər. Silahlı Qüvvələrdə möhkəm hərbi intizama nail olunması hərbi hüququn qoruyucu funksiyasının köməyi ilə təmin edilir. Hərbi qulluqçular hüquq pozuntuları törətməyə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq surətdə məsuliyyət daşıyırlar.

Hərbi rütbəsindən və xidməti vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdilər və onlar maddi, mülki, intizam və inzibati məsuliyyətə, o cümlədən cinayət xarakterli əməllər törətdiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Düzdür, son 10 ildə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı 50 faiz azalıb.

Hərbi xidmətdə olan zaman törədilən cinayətlər zamanı əsgər həbs olunarsa, həbs müddəti bitdikdən sonra hərbi xidmətinə davam etməlidirmi?

Hərbi Vəzifə və Hərbi Xidmətkeçmə Haqqında Qanunun 22-ci maddəsinə görə aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar:

- ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci maddəsində göstərilən vətəndaşlar istisna olmaqla);
- əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
- barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar.
- Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.


Göründüyü kimi, burada hərbi xidmət dövründə törədilmiş cinayətlər zamanı şəxsin hərbi xidmətdən azad edilməsi ilə bağlı müddəa yoxdur. Odur ki, əsgər törətdiyi cinayətə görə, məhkumluğunu başa vurduqdan sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb edilir.

Qeyd edək ki, şəxs cinayəti törətdiyi müddətə qədər olan dövrdə hərbi xidmət apardığı üçün məhkumluqdan sonra xidmətin yerdə qalan hissəsini aparmaqla hərbi mükələffiyyətini tamamlamış olur.


Amin Nəzərli

Femida.az

Açar sözlər: #hərbi   #qanun   #əsgər   #hərbçi   #zabit   #femida   #hüquq   #cinayət  

Oxunub: 2936