Təhsil Nazirliyi jurnalistləri mükafatlandırıb


22:10     20 İyul 2018 2018/03/tehsil-nazirliyi_1521448144.jpg

Təhsil sahəsində baş verən dəyişikliklərin cəmiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrinin və bu sahədə peşəkarlıq nümayiş etdirən təhsil sahəsi əməkdaşlarının 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar təltif olunması mərasimi keçirilib.

Femida.az xəbər verir ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və media nümayəndələri iştirak edib. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Ceyhun Bayramov 143 il öncə Azərbaycan mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin şanlı səhifəsi və müstəqilliyə doğru yolun başlanğıcı kimi dəyərləndirib. Həsən bəy Zərdabinin doğma ana dilində nəşr etdirdiyi "Əkinçi"nin əsl milli demokratik və xalq mətbuatı nümunəsi olduğunu qeyd edən nazir Azərbaycan Xalq Cümhuriyyətini yaradan şəxslərin imzasının da ilk mətbuat nümunələrində yer almasını diqqətə çatdırıb.

Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan təhsil naziri qeyd edib ki, ulu öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mediada qaldırılan məsələlərə həssaslıqla yanaşıb. Nazir bildirib ki, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev mətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib.

Ceyhun Bayramov mətbuatın təhsil mövzusuna xüsusi diqqət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirib, media nümayəndələrini təhsilin uğurlarını, problemlərini, bu sahədə həyata keçirilən islahatları cəmiyyətə çatdırmaqda daha da aktiv olmağa çağırıb.

Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsindən danışıb. Sonra təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında fəallığı ilə seçilən media nümayəndələri və bu sahədə çalışan təhsil işçiləri təltif olunub. Tədbirdə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında musiqi nömrələri səslənib.

Femida.az

Açar sözlər:

Oxunub: 580