Ədliyyə Nazirliyində müşavirə keçirilib


01:54     21 İyul 2018 2018/07/220ACAC6-6219-4F37-8B69-A9B01F1DE033_1532109693.jpeg

İyulun 20-də Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının rəhbərlərinin iştirakı ilə 2018-ci ilin birinci yarımilində məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması çərçivəsində Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyləri münasibətilə nazirlik tərəfindən keçirilən silsilə tədbirlərdən bəhs edib, nazirliyin icra və probasiya qurumlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında və məhkumların cəmiyyətə inteqrasiyasında müstəsna rolunu qeyd edib.

Sonra İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması ilə icra xidmətində də iş həcmi xeyli artıb, 2018-ci ildə icrası təmin edilən işlərin sayı 320 minə yaxın təşkil edib, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 190 milyon manata yaxın vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2392 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1489 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi başlanılıb.

Həmçinin 8 min borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 2100-ə yaxın şəxsin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb.

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi nəticəsində icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 2 dəfə, bilavasitə qəbula gələn şəxslərin sayı isə 21 faiz azalıb.

Diqqətə çatdırılıb ki, icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra qanunvericiliyi təkmilləşdirilir, İcra Məcəlləsinin layihəsi işlənib hazırlanır, müasir İKT-lərin və elektron xidmətlərin tətbiqi dairəsi genişləndirilir. İcra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün “Elektron icra” sisteminin icra qurumlarında tətbiqinə başlanılıb.

Müşavirədə həmçinin Probasiya xidmətinin birinci yarımildəki fəaliyyətinə dair məlumat dinlənilib.

Hesabat məruzəsi ilə çıxış edən Probasiya xidmətinin rəisi – Baş probasiya məmuru Akşin Ziyadov azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsis edilmiş Probasiya xidmətinin işinin müasir tələblər səviyyəsində qurulması, ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı görülən işlər barədə danışıb. Bildirilib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq 2018-ci ilin birinci yarımilində 5557 şəxs qeydiyyatdan çıxarılıb, onlardan 3198 məhkumun cəza müddəti başa çatıb, 27 nəfər ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı Sərəncamı ilə əfv olunub. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği artaraq 1,1 milyon manatı ötüb.

Eyni zamanda, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılıb. Bu sahədə yerli icra hakimiyyəti orqanları ilə səmərəli işgüzar münasibətlər qurulub. Hesabat dövründə 254 şəxs barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib.

Qeyd olunub ki, 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bir çox əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub. Bununla bağlı nazirliyin Probasiya xidməti tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq müvafiq təqdimatlar əsasında məhkəmələr tərəfindən 951 məhkum cəzadan azad edilib, 226 məhkumun isə cəza müddəti azaldılıb və ya daha yüngül cəza ilə əvəz edilib.

Müşavirədə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi qeyd olunaraq, cari ilin aprelində Nazirlər Kabineti tərəfindən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edildiyi, Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş elektron monitorinq mərkəzinin istifadəyə verildiyi bildirilib. Qeyd edilib ki, 69 məhkuma elektron qolbaq tətbiq olunub, onlardan 7 məhkumdan cəza müddəti başa çatdığı üçün elektron qolbaqlar çıxarılıb.

İclasda görülmüş işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd olunub, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının pozulması, işlərin hərəkətsiz saxlanılması, cəzanın çəkilməsindən boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib. Həmçinin islah, cərimə və ictimai işlər növündə cəzaların icrasına diqqətin artırılması, məhkumun cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin keyfiyyətinin artırılması, probasiya nəzarətinin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib.

Mövcud problemlərlə bağlı yerli icra və probasiya qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini V.Zahirov məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası işinin səmərəliliyinin artırılması, onların vaxtında və dürüst icrasının təmin olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, tələbkarlığın artırılması ilə bağlı konkret göstərişlər verib, dövlətimizin başçısının Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında verdiyi tapşırıqları xüsusilə diqqətə çatdıraraq korrupsiyaya şərait yaradan halların yolverilməzliyini, etik davranış qaydalarına dönmədən əməl olunmasını, vətəndaşlara daim qayğılı münasibət bəslənilməsinin və layiqli xidmət göstərilməsinin vacibliyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 712