İki qardaşı öldürənin ömürlük cəzası ləğv edildi


18:56     24 İyul 2018 18_07_24_1532430061.jpg


Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Zaur Tərlanovun (1984-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə barəsində olan apellyasiya şikayətinə baxılıb.

Femida.az-ın Oxu.Az-a istinadən məlumatına görə, 2015-ci il yanvarın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cahid Rəhimov (1980-ci il təv.) və qardaşı Cavidə (1985-ci il təv.) bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb və hadisə yerindən qaçıb.

Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Səhərisi gün Qaradağ RPİ və 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov yaxalanaraq, istintaqa cəlb edilib.

İlkin dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.

Məhkumun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.

Növbəti dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edib. Qərara əsasən, ömürlük cəza müddətli, yəni 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Zərərçəkmiş tərəf sözügedən qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 767