Qətlə yetirilən tələbənin atası: “Bunlar insan deyillər”


20:59     24 İyul 2018 mehkeme.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində Tibb Universitetinin tələbəsini boğub öldürməkdə və digər ağır cinayətlərdə ittiham edilən Yunus Camallı, Natiq Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Femida.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən tələbənin atası, iranlı iş adamı Nemat Mohtati ifadə verib. Səhər saatlarında oğlu Samanın yatıb yuxuya qaldığını, dərsə gecikdiyini düşünən ata onu çağırıb, səs gəlmədikdə yuxarıya – oğlunun yatdığı otağa qalxıb. Qapını araladıqda gördüyü mənzərədən dəhşətə gəlib. Samanın yerdə uzanıqlı, əl-qolu bağlı vəziyyətdə olduğunu görüb.

N.Mohtahi ifadəsində oğlunun Tibb Universitetinin 6-cı kursunda oxuduğunu, təqsirləndirilən şəxslərin övladını amansızlıqla qətlə yetirdiklərini göstərib: “Yəqin ki, hamınız “Fəryad” filminə baxmışınız. Orada dəhşətli bir səhnə var. Ermənilər Azərbaycan torpaqlarını işğal edəndə azərbaycanlıları öldürdükdən sonra kef məclisi təşkil edirlər, yeyib-içir, əylənirlər. Bunlar da o cür edib. Oğlumu öldürəndən sonra düz bir saat evin içərisində eyni hərəkətləri ediblər. Biri oğlumun otağından enerji içkisi götürüb içib, o biri qızımın otağından şokalad götürüb yeyib. Heç nə olmamış kimi rahatlıqla hərəkət ediblər. Bunlar azərbaycanlı deyil, ermənidirlər. Evdəki nəzarət kameralarına baxanda dəhşətə gəlirəm. Bunlar insan deyillər. Mən bunları heç vaxt bağışlamayacağam. Mənim oğlum oxuyub alim olacaqdı. Bunlar bir alimi öldürdülər. Oğlum universitetdən evə, evdən də universitetə gedən, kafe, bar görməyən uşaq idi. Ancaq dərs oxumağa vaxt ayırırdı".

Oğlunun ölümü ilə heç cür barışmayan N.Mohtati belə deyib: “Mənim övladım həkim olacaqdı, insanlara kömək edəcəkdi.Bəs siz nə üçün yaşayırsınız? Kimin üçün yaşayırsınız? Gedin özünüzü asın, öldürün. Mən sizdən əl çəkən deyiləm. Kaş ki, həmin gecə mənim də otağıma gələrdiniz. Bacarırdınızsa, məni öldürərdiniz”.

Məhkəmə prosesi iyulun 31-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivi 6, Dostluq küçəsi, 2 saylı evdə baş verib.

İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib.

Onlar cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək, onların hər birini yaşadıqları ünvanlara aparıb. Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində Pərvin Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək, qohumunun evinin yerini onlara göstərib.

Qətlə yetirilən 1994-cü il təvəllüdlü Saman Mohtati İran vətəndaşı olsa da Azərbaycanda doğulub. O, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi idi.

Məlumata görə, evə basqın edən şəxslər tələbəni yastıqla boğaraq qətlə yetiriblər. Dəstə üzvlərinin mənzilə daxil olmasını evdəki müşahidə kameraları lentə alıb.

Novxanıda iranlı iş adamının oğlunu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib. Onlar evə qarət məqsədi ilə girsələr də evdən heç nə apara bilməyiblər.

Təqsirləndirilən şəxslər 1979-cu il təvəllüdlü Y.Camallı, 1967-ci il təvəllüdlü N.Babaverdiyev, Şəki şəhər sakini 1991-ci il təvəllüdlü P.Əlməmmədov, Ağsu rayon sakini 1983-cü il təvəllüdül Z.Dünyamalıyev və İmişli rayon sakini 1989-cu il təvəllüdlü C.Talıblı barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilənlərdən yalnız R.Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 969