Gürcüstanda azərbaycanlılar ayağa qalxdı


05:47     03 Oktyabr 2015 f3cc25c757c22ece55c2c3ded1728607.jpg

Bu gün Marneulidə azərbaycanlıların kompakt yaşadığı iki kəndin sakinlərinin iştirakı ilə etiraz aksiyası keçirilib.


APA-nın məlumatına görə, Marneulinin Təzəkənd və Əzizkənd sakinləri illərdən bəri hər iki kəndə içməli su çəkilməsi və bu kəndlərin mərkəzindən keçən yolun Tiflis-Qırmızı Körpü magistral yoluna birləşdirmək üçün vəsaitin ayrılmasını tələb ediblər.

Sakinlərin tələblərini dinləmək üçün Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və rayon icra hakimiyyətinin müavini Teymur Beridze kəndin mərkəzində əhali ilə görüşərək onları narahat edən problemləri dinləyiblər. Sakinlər 70-ci illərdə kəndə çəkilən içməli su borularının yarıtmaz olduğunu, suyun fasilələrlə verildiyini, bir çox yerlərdə su borularının korroziyaya uğrayaraq sınmasını və buna görə də su itkisinə yol verildiyini bildiriblər. Aksiya iştirakçıları kənd yollarının bərbad vəziyyətdə olduğunu və yağış yağan zaman palçıq əlindən tərpənməyin mümkün olmadığı da vurğulayıblar.

Etiraz aksiyası iştirakçılarının problemlərini dinləyən Marneuli rayon bələdiyyəsinin sədri oktyabrın 25-dən başlayaraq Təzəkənd və Əzizkənd kəndlərindən keçən yolun 6 kilometrinə asfalt üzlük çəkiləcəyinə söz verib və içməli su borusunun ana xəttinin 12 kilometrinin isə gələn ildən bərpa olunması üçün mütəxəssislərlə müzakirə və məsləhətləşmələr aparılacağını bildirib.

Açar sözlər:

Oxunub: 914