Müəllimin pul yığdığını iddia edən valideynlər barəsində araşdırma qərarı verildi - MƏHKƏMƏ


15:50     27 İyul 2018 18_07_27_1532677755.jpg


Ötən gün Nizami rayon məhkəməsində 220 saylı məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın şikayəti əsasında ona qarşı “Yeni Avaz” media portalında məktəbdə oxuyan şagirdlərin valideynləri tərəfindən səsləndirilmiş ittihamlarla bağlı iclas baş tutub. Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən iclas sayca ikinci olub. Cavabdehlər ilk iclasa gəlmədiyi üçün bu dəfəki iclas işlə tanışlıq xarakteri daşıyıb.

Qeyd edək ki, valideynlərin ona şər atdığını iddia edən Zeynəb Rzayeva xüsusi ittiham qaydasında AR Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət işinin başlanması üçün şikayət ərizəsi verib. Şikayət ərizəsinə görə, valideynlər - Salmanova Pərvanə, Məmmədova Aliyə, Muxtarova Fərqanə, İsmayılova Gülbəniz, məktəbin müəllimi Mirzəliyeva Taliyə KİV qarşısında Zeynəıb Rzayeva haqqında yalan və böhtan informasiyalar yayıb, onun şərəf və ləyaqətini ləkələyib, ictimaiyyətdə onu nüfuzdan salmağa çalışıblar.

Xatırladaq ki, həmin videoda valideynlər təkidlə direktor müavinin onlardan pul yığdığını, direktor Tural Mirzəliyevin gəlişindən sonra Zeynəb xanımın əməllərinə son qoyduğunu bildirirdilər.

Nəzərinizə çatdıraq ki, bu hadisələrin Z.Rzayevanın bir müddət öncə direktor Tural Mirzəliyevlə yaşadığı konfliktlə yaxın tarixlərə düşməsi də diqqət çəkən məqamlardandır. Belə ki, Mirzəliyev cari tədris ilinin əvvəlində direktor təyin olunduqdan sonra 15 ildir məktəbdə çalışan Rzayevanın işini keyfiyyətsiz yerinə yetirməsini iddia etmiş, ardınca BŞTİ tərəfindən müavinin əmək müqaviləsinə xitam verilmişdi. Lakin ötən həftə Nəsimi rayon məhkəməsi Rzayevanın haqsız ittiham olduğu qənaətinə gələrək, onun işə bərpa olunması barəsində qərar çıxardı.

Ötən gün keçirilən iclasda isə hakim açıq məhkəmə olmasına baxmayaraq, Femida.az saytının əməkdaşının iştirakına icazə verməyib.

İclasdan sonra iddiaçı Z.Rzayeva bildirdi ki, valideynlər ona qarşı böhtan atırlar:

“Valideynlərə bildirdim ki, and için ki, sizdən pul almışam, amma onlar susdular. İddia edirlər ki, mən məktəbdə zalı pulla icarəyə vermişəm. Məktəbin təsərrüfat müdiri var, direktoru var, mən kiməm ki bu işə qalxışım? Ümumiyyətlə məktəbdə belə hal baş verməyib. Valideynlər deyir, 4 il bundan qabaq Əlifba bayramında mən onlardan 500 manat pul almışam. Mənə maraqlıdır ki, 4 il qabaq almışamsa, niyə bunu o vaxt demirdilər? Bütün ittihamlar yalandır. Direktor Tural Mirzəliyevin qurduğu oyundur”.

Rzayevanın vəkili Adəm Məmmədov Femida.az-a açıqlamasında bildirdi ki, hakimin qərarı ilə iş icraata qəbul olunub:

“İş icraata qəbul edildi, həmin valideynlər və müəllim təqsirləndirilən şəxs qismində araşdırmaya cəlb olundu. İstintaq aparılacaq və onların şər-böhtan atdığı sübuta yetirilərsə, valideynlər də, o iddianı səsləndirən müəllim də cinayət məsuliyyətinə cəlb olunacaq. Biz iclasdan qabaq qarşı tərəfə təklif etdik ki, yalan açıqlama verdiklərini boyunlarına alsınlar, barışıq edək, lakin qarşı tərəfin vəkilinin aqresiyası sayəsində onlar razılaşmadı. Araşdırmadan sonra hər şey üzə çıxacaq. Onlar hazırda tükdən asılı vəziyyətdədir. Bütün vətəndaşlar bilməlidir ki, hər kəs işlətdiyi cümləyə cavabdehdir və məsuliyyətlə yanaşmalıdır”.

İclasdan sonra qarşı tərəfin vəkilləri və valideynlərdən də münasibət öyrənməyə çalışsaq da, onlar açıqlama verməkdən boyun qaçırdı. Hətta vəkillər öz adlarını belə bildirmək istəmədilər.

Qeyd edək ki, növbəti iclas 1 avqusta təyin olunub.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #Nizami   #Mətanət_Hacıyeva   #hakim   #qanun   #vəkil   #cinayət   #məktəb   #müəllim   #rüşvət   #valideyn   #şagird   #təhsil   #nazirlik   #BŞTİ  

Oxunub: 5411