Sədr vəkilləri təbrik etdi

Sədr vəkilləri təbrik etdi

15:25     30 İyul 2018 2018/05/anar-bag_1525854075.jpg

Bu gün Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günüdür.


Femida.az xəbər verir ki,Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu münasibətlə vəkillərə təbrik ünvanlayıb.


Əziz Vəkillər Kollegiyasının üzvləri!

Hər birinizə məlumdur ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə bundan sonra hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunacaqdır.

Hazırda ölkəmizdə ədliyyə və məhkəmə, hüquq-mühafizə və digər orqanların nümayəndələrinin peşə bayramlarının tarixinə diqqət etsək, görərik ki, onların mütləq əksəriyyətində həmin gün məhz Azərbaycan Xalq Cümhuriyyəti dönəmi ilə üzvi surətdə bağlı olmuşdur. Unudulmamalıdır ki, bu ənənə və öz tarixi keçmişinə qədirbilən yanaşma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Xalqımızın tarixi keçmişi ilə səsləşən bu ənənəyə sadiqliyin və duyarlı yanaşmanın nəticəsi kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunmuş və bu günün təsbit olunması Vəkillər Kollegiyası üzvləri tərəfindən sevinc hissi ilə qarşılanmışdır.

Hörmətli vəkillər!

Son bir neçə ayda biz vəkillərin sayında müsbət mənada artım müşahidə olunmaqdadır. Əminəm ki, bu artım nəinki kəmiyyət, həmçinin bizlər tərəfindən insanlara göstərilən hüquqi yardımın keyfiyyətində də yüksəlişlə müşayiət olunacaqdır. Çünki əvvəlki illərdən fərqli olaraq, sonuncu vəkilliyə qəbul üzrə statistika onu göstərir ki, vəkil korpusunu təşkil edən yeni nəsil vəkillər öz təhsil səviyyələri və vəkil peşəsinə yiyələnmək istiqamətindəki həvəsləri baxımından tam yeni kefiyyətə xas vəkil təbəqəsini formalaşdırmışdır. Bununla belə, bu gün əgər biz vəkillərin üzərinə konstitusion səviyyədə etimad göstərilərək yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi öhdəliyi qoyulmuşsa, hər birimiz bu istiqamətdə öz peşə vərdiş və bacarıqlarımızı daim inkişaf etdirməklə bu etimadı və cəmiyyətimizin gözləntilərini yüksək vəkil adına layiq şəkildə doğrultmalıyıq.

Beləliklə, əziz vəkillər, sizləri Vəkillər Kollegiyasının Rəyasət Heyəti adından Azərbaycan vəkilliyinin 99-cu ili münasibəti ilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm!

Femida.az hüquq portalı kollektivi adından vəkilləri ürəkdən təbrik edirik!

Açar sözlər: #Vəkil   #Anar_Bağırov  

Oxunub: 7302