99 yaşlı Azərbaycan vəkilliyi - Peşə sahibləri danışır


20:32     30 İyul 2018 2018/07/anar-ba_1532954239_1532957641.jpg


Məlum olduğu kimi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur.


30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub.Bu gün Azərbaycan vəkilliyinin 99 yaşı tamam olur.

Femida.az ölkədə fəaliyyət göstərən vəkillər arasında peşə bayramı münasibəti ilə sorğu keçirib.


Sədr Anar Bağırov



Hörmətli vəkillər!
Son bir neçə ayda biz vəkillərin sayında müsbət mənada artım müşahidə olunmaqdadır. Əminəm ki, bu artım nəinki kəmiyyət, həmçinin bizlər tərəfindən insanlara göstərilən hüquqi yardımın keyfiyyətində də yüksəlişlə müşayiət olunacaqdır. Çünki əvvəlki illərdən fərqli olaraq, sonuncu vəkilliyə qəbul üzrə statistika onu göstərir ki, vəkil korpusunu təşkil edən yeni nəsil vəkillər öz təhsil səviyyələri və vəkil peşəsinə yiyələnmək istiqamətindəki həvəsləri baxımından tam yeni kefiyyətə xas vəkil təbəqəsini formalaşdırmışdır. Bununla belə, bu gün əgər biz vəkillərin üzərinə konstitusion səviyyədə etimad göstərilərək yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi öhdəliyi qoyulmuşsa, hər birimiz bu istiqamətdə öz peşə vərdiş və bacarıqlarımızı daim inkişaf etdirməklə bu etimadı və cəmiyyətimizin gözləntilərini yüksək vəkil adına layiq şəkildə doğrultmalıyıq.
Beləliklə, əziz vəkillər, sizləri Vəkillər Kollegiyasının Rəyasət Heyəti adından Azərbaycan vəkilliyinin 99-cu ili münasibəti ilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm!


Vəkil Sadiq Əfəndiyev



30 iyul Azərbaycan vəkillərinin peşə bayramı günüdür! Ümümuyyətlə dünyada müxtəlif peşə sahiblərinin günlərinin qeyd olunmasında məqsəd həmin peşə sahiblərinin cəmiyyətdə olan mövqeyinə diqqətin artırılması, peşə fəaliyyətinin stimullaşdırılması, hər bir peşə sahibinin öz peşəsinə olan motiviasiyasının yüksəldilməsi və peşə sahiblərinin mənəvi-emosional birliyinə nail olunmasına xidmət edir. Yaxın günlərədək Azərbaycan vəkilliyindıə belə bir günün olmaması bu mövzunu cəmiyyətimizdə vəkillər arasında müzakirə obyektinə çevirmişdir. Bəlli bir tarixi günün vəkillərin peşə günü kimi müəyyən olunması və hər il qeyd olunması hər şeydən əvvəl qeyd olunan peşə sahiblərinin hüququdur. Hüquqi dövlət quruculuğunda peşəkar vəkillərin əvəzsiz əməyini nəzərə alsaq, onların bu istəklərinin nəzərə alınaraq reallaşdırılması zəruriyətə çevrilmişdir. Hazırda Respublikamızda müəyyən peşə sahiblərinin gününün müəyyən olunması təcrübəsinə nəzər salsaq görəririk ki, qeyd edilən peşə günlərinin əksəriyyəti Azərbaycan Xalq Cümhuriyyəti dönəmində həmin peşələrin təsis tarixi ilə əlaqədar olmuşdur. Bu isə təsadüfi deyildir. Çünki milli qürur mənbəyimiz sayılan Azərbaycan Xalq Cümuhuriyyəti dövrü Azərbaycan tarixinin şanlı səhifəsi olmuşdur. Peşə günlərinin məhz həmin dövrlə əlaqələndirilməsi milli dövlətçilik ideologiyamızdan irəli gələn bir şərtə çevrilmişdir. Bu baxımdan 30 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkilər Şurasının təsis ediləmə gününü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi müəyyən etməsini təqdirə layiq hesab edirik və alqışlayırıq. Azərbaycan vəkillərinin çoxdankı arzusunu reallığa çevirdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kolegiyasının rəhbərliyinə dərin təşəkkürümüzü bildirməklə bütün vəkillərimizi peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara müqəddəs peşələrində bol-bol nailiyyətlər arzulayırıq.


Vəkil Ruhiyyə İsayeva



Bu gün vəkillik inkişaf mərhələsindədir. Son dövrlər bu sahədə aparılan islahatlar vəkil peşəsinə hörmətin və inamın artmasına səbəb olub.
Bu da biz vəkilləri sevindirməyə bilməz. Mən 2005-ci ildə vəkilliyə sənəd verəndə məhz bu cür hörmətə və inama layiq vəkilliyi arzu edirdim.Çox şükür bunu görmək qismət oldu.Kollegiyanın sədri Anar Bağırovun bu sahədə əməyi böyükdür.Bütün vəkil həmkarlarımı təbrik edirəm.

Vəkil Loğman Abdullayev



Başda hörmətli sədrimiz Anar Baghirov və Vəkillər Kollegiyasının Rəyasət Heyəti olmaqla bütün vəkilləri 30 İyul Vəkillərin Peşə Bayramı Günü münasibəti ilə ürəkdən təbrik edirəm.Hüquqi varisi olduğumuz,100 il bundan qabaq bünövrəsi və təməli qoyulan Azərbaycan vəkilliyi bu gün etibarlı və qüdrətli əllərdədir.
Mən fəxr edirəm ki,Sizinlə bir məsləki bölüşürəm!
Yaşasın Azərbaycan VƏKİLİ!


Vəkil Vüqar Səfərli



30 İyul Azərbaycan Respublikası Vəkillərinin Peşə Bayramı münasibəti ilə başda sədrimiz cənab Anar Bağırov olmaqla Azərbaycan Respublikası Vəkillər Kolleqiyasının hər bir üzvünü təbrik edirəm. Günümüz mübarək hörmətli həmkarlar!



Vəkil Sirac Piriyev



Həqiqətən son bir ilə yaxın müddət ərzində vəkillik sahəsində aparılan ciddi islahatlar nəticəsində ölkəmizdə vəkilliyin nüfuzu xeyli artmış, bu sahəyə hüquqşünaslarda kifayət qədər maraq yaranıb.Bunun nəticəsində də Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı keçirilən son imtahan nəticələrinə görə uğur qazananların əksəriyyətini gənclər təşkil edir. Bugün - 30 iyul tarixi vəkillərin ilk peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə bütün vəkil həmkarları ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzu edirəm.



Vəkil Əziz Qənbərov:



Bu gün Vəkillər üçün əlamətdar gündür. Təbii ki, hər bir peşə sahibinin, o cümlədən, vəkillərin əsas vəzifəsi öz peşəsinə daima sadiq olmaq və peşəsini sevməkdır. Peşəyə sadiq olarsansa və onu sevərsənsə o zaman həmin peşənin inkişafından danışmaq mümkündür. Şükürlər olsun ki, son vaxtlar vəkillik inistitutu inkişaf etməkdədir. Hazırda vəkillərin sayı artmış və bu da öz növbəsində əhalinin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsində müsbət bir haldır. Əvvəllər elə olurdu ki, məhkəmələrdə orta məktəbi zorla qurtaran şəxslər nümayəndəlik edirdilər. Bu da yüksək keyfiyyətli hüquqi yardım almaq hüququndan vətəndaşı məhrum etməklə yanaşı həmin şəxslər özlərini vəkil kimi təqdim etdikləri üçün vəkil peşəsini də nüfuzdan salırdılar. Vəkilin əsas məqsədi təmsil etdiyi şəxsin etimadını qazanma olmalıdır. Bu cür vəkillərimiz çoxdur. Belə şəxslərə isə qarşı cəbhədən təziq və təsirlər olur ki, bu da bizləri qorxutmamalıdır. Hazırda Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin və şəxsən sədrimiz Anar Bağırovun qapısı vəkillərin üzünə daima açıqdır. Biz də qarşılaşdığımız çətinliklər və problemlər barədə ona məlumat verərkən dərhal nəzarətə götürərək bizləri qanunvericiliyin tələbləri çərçivəsində müdafiə edir. Ona görə də biz hazırda etik normalar daxilində, qanunvericiliyin bizə verdiyi səlahiyyətlərdən sui istifadə etmədən sərbəst fəaliyyət göstərə bilirik. Sonda peşə bayramı ilə bağlı olaraq bildirirəm ki, bu günün təsis edilməsində əməyi keçən hər bir şəxsə dərin təşəkkür etməklə bərabər, ədalət tərəzisinin əyilməsinə imkan verməyən, sənətinə sadiq, vəkil adına laiq, təmsil etdiyi şəxsin mənafeyini hər şeydən üstün tutan bütün vəkillərimizin peşə bayramı mübarək olsun!


Vəkil Təyyar Mirzəyev:



Vəkillər Kollegiyasının üzvü olduğum üçün qürur duyuram. Vəkilliyin nüfuzu gündən-günə artır və cəmiyyətimizdə insanların inam, etibar etdiyi, mübahisələrinin həllinin peşəkarlara həvalə edildiyi təsisata çevrilməkdədir. Vəkillik fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində cənab prezidentimiz İlham Əliyevin və hörmətli sədrimiz Anar Bağırovun həyata keçirdikləri islahatlar öz töhfəsini verməkdədir. Peşə bayramımız münasibəti ilə başda cənab sədrimiz Anar Bağırov olmaqla bütün həmkarlarımı təbrik edir, onlara şərəfli işlərində uğurlar arzulayıram!


Vəkil Absələddin Əliyev:



Azərbaycan Respublikasında Vəkillik institutunun yeni dövr tarixinə nəzər saldıqda bir neçə məqam özünü qabarıq büruzə verir və bunları xüsusi qeyd etmək gərəklidir. Məsələ ondan ibarətdir ki, ötən ilin sonundan etibarən Azərbaycan Vəkilliyində bir canlanma baş verib.

Uzun fasilədən sonra 2017-ci ilin 7 dekabrında Vəkillər Kollegiyasının konfransı çağırıldı və VK-nın orqanları olan Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyalarının yeni tərkibi formalaşdırıldı. Hazırkı sədr hörmətli Anar müəllimin seçilməsi ilə Vəkillik tarixinin, belə demək olarsa, ən yeni dövrü başlamış və ciddi islahatlara start verildi.
Vəkilliyin inkişafına ən böyük dəstək isə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı oldu. Sərəncamda bir sıra müsbət məqamlarla yanaşı dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilin xidmətlərini ödəmək üçün müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasının təmin edilməsi Nazirlər Kabinetinə tapşırıldı.
Nəhayət, Vəkillər üçün növbəti sevindiri məqam Vəkillərin Peşə bayramının təsis olunması oldu.
İlk dəfə olaraq biz vəkillər həm bir-birimizi təbrik etmək, həm də insanlarımızdan çoxsaylı təbriklər almaq kimi qüvurverici hisləri yaşadıq. Qürurverici məqam həm də ondan ibarətdir ki, bu gün Vəkillər də digər peşə sahibləri həm Dövlətimizin diqqət və qayğısını hiss edir, həm də birbaşa rəhbərliyimizin bu istiqamətdə necə yorulmadan səmərəli çalışdığının, müəyyən praktiki çətinliklərdə belə səmimi və nəticəli dəstək verdiyinin şahidiyik.
Bütün bunlar isə insanların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir və biz bunun gündəlik fəaliyyətimizdə şahidiyik.
Bütün həmkarlarımı peşə bayramımız münasibətilə bir daha təbrik edir, hər birinə şərəfli olduğu qədər də çətin fəaliyyətlərində uğurlar arzulayıram.


Vəkil Ruslan Vəliyev



Qısaca demək istərdim ki, sədrimiz Anar Bağırovun sayəsində bu gün Vəkillik institutu öz “renesans” dövrünü yaşayır, qısa müddət ərzində bu sahədə xeyli işlər görülmüş, Vəkilliyin nüfuzu xeyli artmışdır. Bu günə kimi vəkillərin sayı 1000 nəfərdən keçmədiyi halda təkcə bir imtahan nəticəsində Vəkillərin sayı 1500 nəfərə çatıb.Şərəfli yolda bütün həmkarlarımı təbrik edirəm


Vəkil Ziya Bağırov



Bildiyiniz kimi Azərbaycan Respublikası Vəkillər kollegiyasının 19.07.2018-ci il tarixli qərarı ilə 30.07.2018-ci il Vəkillərin peşə bayramı günü elan edildi. Bu münasibətli hörmətli sədrimiz Anar müəllim başda olmaqla bütün vəkillərimizi səmimi qəlbdən təbrik edirəm. Onlara can sağlığı və peşə fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm.


Femida.az hüquq portalı olaraq dəyərli vəkillərimizi peşə bayramları münasibəti ilə təbrik edirik.


Hazırladı: Miri Məcidli
Amin Nəzərli

Femida.az


Açar sözlər: #Vəkil   #Anar_Bağırov   #məhkəmə   #Hakim   #hüquq  

Oxunub: 9831