Azərbaycan, yoxsa Ermənistan? - İran hansı ölkəyə daha çox investisiya yatırıb?


19:52     31 İyul 2018 18_07_31_1533037994.jpg


Azərbaycanın Cənub qonşusu İranla münasibətləri tarixən enişli-çıxışlı olub. Zamana görə dəyişən geosiyasi vəziyyət ölkələr arasındakı münasibətlərə də təsirsiz ötüşməyib. Müstəqillik illərini nəzərə alsaq, Azərbaycan və İran arasındakı siyasi-iqtisadi münasibətlər müxtəlif dövrlərdə müxtəlif olub. Məsələn, 90-cı illərin sonlarınadək artan ticarət dövriyyəsi 2000-ci illərin əvvəllərində minimum həddə enib. 2005-ci ildən sonra yenidən yaxşılaşan münasibətlər 2010-cu ildən sonra yenidən pisləşib. 2014-cü ildən bu yana ölkələr arasında yenidən yaxınlaşma və iqtisadi əlaqələrin güclənməsi müşahidə olunmaqdadır.

2013-cü ilin iyununda Həsən Ruhaninin prezident seçilməsi Azərbaycanla münasibətlərə də müsbət təsir göstərdi. 2014-cü il aprelin 9-da İlham Əliyev İrana rəsmi səfərə yollandı. Qərbin İrana qarşı sanksiyalar tətbiq etdiyi çətin vaxtlarda Azərbaycan mehriban qonşuluq münasibətini saxladı. Həmin ilin noyabrında İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri əlaqələri daha da gücləndirdi. Səfər zamanı iqtisadi sahədə bir sıra sənədlərlə yanaşı, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” imzalandı. Dövlətlərarası münasibətlər baxımından çox mühüm sənəd olan bu Bəyannamədə tərəflər öz ərazisində birbirinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönələn fəaliyyətə imkan verməyəcəklərini bir daha təsdiq etdilər.

İranın Azərbaycanla iqtisadi əlaqələri

Son 4 ildə Azərbaycan və İran Prezidentləri 11 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 50-yə yaxın sənəd imzalanıb, Dövlət Komissiyasının 4 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 550-yə yaxın İran investisiyalı şirkət fəaliyyət göstərir. 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb. Artıq Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işləri tamamlanıb. Ötən il 330 kilovolt Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, 2017-ci ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub.



Bundan əlavə, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq. Yaxın vaxtlarda Urmiya-Qəbələ birbaşa hava reysi açılacaq. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir.
Bu günədək İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan artıq investisiya qoyulub. Hazırda Azərbaycanda 500-dən çox İran şirkəti fəaliyyət göstərir. 2017-ci ilin avqust ayından yük maşınlarına tətbiq olunan rüsumlar qarşılıqlı olaraq 160 dollardan 100 dollara endirilib.

Lakin bütün bu sadalananlar 25 illik bir dövr üçün yetərli göstərici deyil. Azərbaycan son 25 ildə böyük iqtisadi artıma nail olub və bu müddətdə İranla böyük ticari əlaqələr üçün geniş potensiallar yaranıb. Buna rəğmən, İranla ticarət əlaqələri lazımi səviyyədə olmayıb. Təbii ki, bunun kökündə siyasi motivlərin dayandığı şübhəsizdir. İranla ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 1995-2016-cı illərdə 20.4%-dən 1.2%-ə qədər azalmışdı. 2015-ci ildən sonra İranla dövriyyənin həcmi artmağa başladı. Bunu aşağıdakı cədvəldə illər üzrə aydın görmək olar:



İranın Ermənistanla iqtisadi əlaqələri

İranın Ermənistanla əlaqələri gücləndirməsi Cənub Qafqazdakı maraqlarından irəli gəlir. İran bu vasitə ilə Azərbaycana təsir və təzyiq edə bilir. Bir sözlə onları birləşdirən ortaq iqtisadi maraqlar ortaq düşmənlərinin olmasından qaynaqlanır. Azərbaycan özünə başqa inkişaf yolu seçərək Qərbə meyilləndiyindən, Avropaya çıxış məqsədi daşıyan bütün region layihələrini Türkiyə, Gürcüstan və Rusiya üzərindən həyata keçirməyə başladı. Regional layihələrdən kənarda qalması isə İranla Ermənistanı daha da yaxınlaşdırdı.



Məsələn, İranın nüvə proqramı üzrə Qərb ölkələri və ABŞ-la razılaşma əldə edildikdən sonra Yerevanla Tehran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisini bərpa etmək üçün 120 milyon dollar məbləğində vəsaitin yarılması üzrə saziş imzalanıb.

Ermənistanla İran arasında illik ticarət dövriyyəsi 200 milyon dollardır. Bu göstərici üzrə İran Ermənistanın tərəfdaşları olan Avropa İttifaqı, Rusiya və Çindən sonra 4-cü ölkədir. Ancaq qeyri-rəsmi məlumatlara əsasən, Ermənistanla İslam Respublikası arasında ticarət dövriyyəsi 400 milyon dollara yaxındır. Nəzərə alsaq ki, Ermənistan təbii sərvətlərdən yoxsul, dənizə çıxışı olmayan bir ölkədir, bu şərtlər altında 400 milyon dollarlıq dövriyyə çox böyük göstəricidir. Təbii ki, bunun da özəyində siyasi maraqlar dayanır. İranın Ermənistan vasitəsilə Cənubi Qafqazda, xüsusuilə Azərbaycana problemlər yaratmaq istəyi əbəs deyil. Azərbaycanla olan etnik-milli problem bu konfliktdə açar nöqtələrdən başlıcasıdır.

“Erməni əhalisinin Ermənistanda qalmasında əsas rolu İran oynayıb”

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan mövzu ilə bağlı fikirlərinin Femida.az-la bölüşüb. O bildirib ki, iqtisadi əlaqələr baxımından Azərbaycan İran üçün daha maraqlı ölkədir:

“İran Azərbaycan vasitəsilə Rusiya və oradan Avropa bazarına çıxa bilir. Bundan əlavə hər iki ölkə neft ölkəsidir və bir sıra beynəlxalq layihələrə qoşulublar.

İran rəsmi statistikasına görə, bu ilin mart-iyun aylarından İrandan Azərbaycana 14 milyon dollarlıq mal ixrac olunub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz çoxdur. Azərbaycandan isə İrana mal ixracı 56 faiz azalıb. Eyni zamanda ölkələr bir sıra regional məsələlərdə müttəfiqdirlər.

Ermənistan isə İran üçün dalandır, çıxılmazdır. Bu ölkə de-fakto Rusiyanın ərazisidir. İran da bunu gözəl bilir ki, Ermənistanla əməkdaşlıq elə Rusiya ilə əməkdaşlıqdır. Ermənistandan yalnız Gürcüstan vasitəsilə dənizə çıxmaq mümkündür ki. Lakin İran üçün Gürcüstana Azərbaycan yolu ilə çıxış daha əlverişlidir.

İranla Ermənistan arasında bir çox layihələr var ki, hansı ki, onlar sadəcə kağız üzərindədir və reallaşdırmaq üçün maliyyə vəsaiti ayrılmır.

Son 25 ili götürsək, erməni əhalisinin Ermənistanda qalmasında əsas rolu İran oynayıb. Rusiya sovetlər dağılandan sonra keçmiş əyalətlərinin saxlamaq iqtidarında deyildi. Bu mənada Ermənistanın pənah gətirdiyi ölkə İran oldu. Bunu sabiq Ermənistan prezidentləri də etiraf ediblər. İranın Ermənistana hərbi texnika üçün yanacaq verməsi və hətta bəzi məlumatlara hörə, hərbi əməkdaşlıq etməsi faktı da var.

İran siyasi sferada Ermənistan vasitəsilə Azərbaycana təsir edə bilir. Dünya erməniləri Cənubi Azərbaycan şəhərlərində rahatlıqla qurultay keçirə bilir. İranda bu gün erməni məktəbləri fəaliyyətini davam etdirir. Ermənilər İranda dini azlıq kimi güzəştli hüquqlara malikdirlər. Oxşar məsələləri orada yaşayan Azərbaycan türkləri haqqında söyləmək olmur. Nə Azərbaycan dilli məktəb var, nə soydaşlarımız orada rahat bir tədir keçirə bilir. Halbuki iranlı sənətçilər Dağlıq Qarabağda konsert verirlər”.



“3 milyard dollar 25 il üçün ciddi rəqəm deyil”

Politoloq İranın 25 illik dövrdə Azərbaycana 3 milyard investisiya yatırmasını isə belə şərh edir:

“Əslində 3 milyard dollar 25 il üçün ciddi bir rəqəm deyil. Bu məbləğin əsas hissəsi də neftlə bağlıdır. İllərdir müzakirələr gedir ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 1 milyardlıq potensial var. Lakin bu günkü rəqəm 200 milyon dollar civarında dəyişir.

Ermənistana gəlincə, İranın bu ölkədə investisiya yatıracaq sektor çox azdır. Çünki Ermənistanda əhali də azdır. İranı bu ölkədə iqtisadi maraqlarını qoruyub saxlayan səbəblər yalnız siyasi səbəblərdir.

Məsələ burasındadır ki, Azərbaycan İrana daha çox xeyir verə bilər, nəinki Ermənistan. Azərbaycandan İrana hər il ziyarətgahlara çoxlu müsəlmanlar gedir. Ən azı 3 milyon Cənubi azərbaycanlının burada qohumları var. Onların arasında gediş-gəliş var. Bu da istənilən halda ticarət dövriyyəsinin artıran amillərdəndir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #İran   #Ermənistan   #Azərbaycan   #iqtisadiyyat   #neft   #investisiya   #siyasət  

Oxunub: 9382