Məhəmmədhüseyn Şəhriyarın 112 illiyidir


21:47     31 İyul 2018 18_07_31_1533044902.jpg

Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib.

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakültəsində ali təhsil almağa başlayıb. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olub.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib.

Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə 82 yaşında Təbrizdə vəfat edib. Şəhriyar şeirlerini türk (azərbaycan) və fars dillərində yazıb.

Təhsilini yarımçıq qoysa da, dahi şair xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə də məşğul olub.

XX əsrin 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi - Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:

Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi vuran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!

M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poemasıdır. Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilmişdir.

Femida.az

Açar sözlər: #Məhəmmədhüseyn_Şəhriyar   #İran  

Oxunub: 1662