DSX-nın rüşvətxor məmurları özlərini qismən təqsirli biliblər


18:11     01 Avqust 2018 2018/08/D0CEF92C-21A5-4B5E-B1EF-0C22B44C7A76_cx0_cy23_cw0_w1023_r1_s_1533118515.jpg

Bakı Hərbi Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin (DSX) Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında nəzarətçi baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.



Femida.az-ın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.

Qeyd edək ki, 2018-ci il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidməti və DSX əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul alan şəxslər ifşa edilib.

Dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Lətif Zeynalov və Zaur Qasımlının qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıb.

Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.

İşdə əcnəbi ölkə vətəndaşları - Ali Hasan Rashed Jumah Binnasr, Al Ghaffari YAqoub Mohd, Alhosani Mohamed Hassan Ali İbrahim, Alfalasi Omar Abdulla Bakhit Mohammad, Al Qahtani Mubarak Abdulla, Chan der Sheikhar zərərçəkmiş şəxs qismində tanınıblar.

Lətif Zeynalov və Zaur Qasımlının barəsində Cinayət Məcəlləsinin 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi ilə ittiham elan edilib.

Bu işdə adı keçən və DTX-nın əməliyyatı zamanı həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlillinin barəsində istintaq ayrıca icraata götürülüb.

Femida.az

Açar sözlər: #DSX   #Məmur   #Rüşvət   #DTX  

Oxunub: 712