Əli Həsənovun avtomobillə adam öldürən nəvəsinin cəzası azaldıldı


23:48     02 Avqust 2018 18_08_02_1533224837.jpg

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Femida.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb.

Nail Allahverdiyevin vəkili Muxtar Mustafayevin Virtualaz.org-a verdiyi məlumata görə, bəzi media orqanlarında yazıldıği kimi onun müdafiə etdiyi şəxs azadlığa buraxılmayıb.

Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq bir il keçir.

Xatırladaq ki, 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin eks sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.

Hadisə nəticəsində Mehdi Əliyev, Vaqif Əsədov həlak olub. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət almışdılar.


Femida.az

Açar sözlər: #məhkəmə  

Oxunub: 1691