Xəzərdə üzməyin yeni qaydaları - RƏSMİ


15:05     04 Oktyabr 2015 xezer.jpg

Azərbaycan dövlət bayrağı altında üzən gəmilərdə gəmi kapitanı, kapitanın baş köməkçisi, baş mexanik və radiomütəxəssis yalnız Azərbaycan vətəndaşı olmalıdır


Femida.az-ın məlumatına görə, yeni Qaydaların təsdiq edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli qərarı ləğv edilib.

Yeni Qaydalar gəmilərin Azərbaycan Respublikasının ərazi sularına, həmçinin dəniz limanlarına giriş-çıxışı zamanı, habelə dəniz limanlarında gəmilərin, sərnişinlərin, yüklərin, liman hidrotexniki qurğularının və dəniz ətraf mühitinin mühafizəsi üzrə tədbirlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (Administrasiya), Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (, gömrük orqanları və Səhiyyə Nazirliyinin Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi (və liman idarələri arasında qarşılıqlı əlaqələri tənzimləyir. Qaydalar Azərbaycan Respublikasının ərazi sularında, dəniz limanının akvatoriyalarında və tərsanələrdə gəmilərin hərəkətinə və dayanmasına (Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin gəmiləri istisna olmaqla), eyni zamanda, gəmilərin limanlara giriş-çıxışına dair ümumi tələbləri özündə əks etdirir və bütün gəmilərə və gəmi heyəti üzvlərinə, liman ərazisində və akvatoriyasında fəaliyyət göstərən, habelə üzən vasitələrin istismarı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilir. Bu Qaydaların məqsədi dəniz üzgüçülüyünün, kommunikasiya xətlərinin və boru kəmərlərinin təhlükəsizliyini, liman infrastruktur obyektlərinin və liman hidrotexniki qurğularının, həmçinin digər avadanlığın və ətraf mühitin mühafizəsini, dənizin canlı resurslarının qorunub saxlanılmasını, dəniz elmi tədqiqatlarının və hidroqrafik çəkilişlərin həyata keçirilməsini təmin etməkdən, eləcə də gömrük, sərhəd, miqrasiya, gəmilərdə sanitar-epidemioloji və sanitariya nəzarəti sahəsində Azərbaycan və sahilyanı dövlətlərin qanunlarının pozulmasının, ətraf mühitin çirkləndirilməsinin və insan həyatı və sağlamlığı üçün təhlükələrin qarşısının alınmasından ibarətdir. Azərbaycanın ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi (kiçikhəcmli gəmilər istisna olmaqla) bu Qaydaların tələblərinə uyğun olaraq, Administrasiya tərəfindən tabeliyindəki qurum vasitəsilə həyata keçirilir. Gəminin mülkiyyət formasından və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanən ərazi sularında üzən gəmilər tərəfindən bu Qaydaların tələblərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycanın ərazi sularında, həmçinin liman akvatoriyalarında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) hərəkəti “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a uyğun olaraq Hərəkətin Bölünmə Sistemindən (HBS) istifadə etməklə, Administrasiya tərəfindən tabeliyindəki qurum vasitəsilə tənzimlənir. Azərbaycanın ərazi sularında üzən gəmilər HBS-dən istifadə etmədikdə, onlar yalnız tövsiyə olunan dəniz yollarından istifadə etməlidirlər. Xarici dövlətin bayrağı altında üzən gəminin (hərbi gəmi istisna olmaqla) Azərbaycanın ərazi sularında, o cümlədən liman akvatoriyasında iki məntəqə arasında müəyyən müddətə istismarına Sahil Mühafizəsi ilə razılaşdırılmaqla, Administrasiyanın icazəsi olduqda yol verilir. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə gəmi kapitanı, gəmi kapitanının baş köməkçisi, baş mexanik və radiomütəxəssis yalnız Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Gəmi yüklənərkən onun gövdəsinin möhkəmliyinə və davamlılığına xələl gəlməsinə və yük nişanının suya batmasına yol verilmir. Gəmilərdə gəmi sənədlərində göstərilmiş saydan artıq sərnişin daşınması qadağandır. Azərbaycanın ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarəti, habelə belə gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarət Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən həyata keçirilir. Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi kiçikhəcmli gəmiləri limanlarda, bazalarda, qurğularda, yanalma körpülərində və ya digər yanalma məntəqələrində qeydiyyata alır və onlar üçün ayrılmış dayanacaq yerlərində onların mühafizəsini təmin edir. Kiçikhəcmli gəmilər üçün dayanacaqlar Torpaq Məcəlləsinə uyğun olaraq ayrılmış və Administrasiya, Sahil Mühafizəsi, Səhiyyə Nazirliyi və gömrük orqanları ilə razılaşdırılmaqla, Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi yerlərdə yaradılır. Kiçikhəcmli gəmilər sahibləri tərəfindən Sahil Mühafizəsində də qeydiyyatdan keçirilir və onların qeydiyyat sənədlərinə bu barədə ştamp vurulur. Azərbaycanın Dövlət bayrağı altında üzən gəmilərin Dövlət Gəmi Reyestrində qeydə alınma siyahısı Administrasiya tərəfindən, kiçikhəcmli gəmilərin Dövlət Gəmi Kitabında qeydə alınma siyahısı isə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır və hər il dekabrın 31-dək Sahil Mühafizəsinə, Hərbi Dəniz Qüvvələrinin Qərargahına və gömrük orqanlarına təqdim edilir.

Gəmi kapitanı naviqasiya vasitələrində olan çatışmazlıqlar haqqında dərhal liman kapitanına və Administrasiyanın tabeliyində olan quruma məlumat verməlidir. Gəmi qəzaya uğradıqda gəmi kapitanı Administrasiyanı bu barədə dərhal məlumatlandırır və Administrasiyadan razılıq aldıqdan sonra gəmini qəza hadisəsinin baş verdiyi yerdən uzaqlaşdırır. Administrasiya ilə rabitə əlaqəsi yaratmaq mümkün olmadıqda, gəmi kapitanı Administrasiyanın razılığı olmadan gəminin qəza yerindən uzaqlaşdırılması, baş vermiş qəza hadisəsinin sənədləşdirilməsi üçün müvafiq tədbirlər görməli və gəmini yaxınlıqdakı limana çatdırmalıdır. Qəzaya uğramış gəminin yaxınlığında olan gəminin kapitanı öz gəmisinin təhlükəsizliyini qorumaq şərtilə dərhal həmin gəmiyə köməklik göstərməlidir. Gəmilərdə sanitar-epidemioloji nəzarəti xarici dövlətin ərazisindən gələn gəminin limana daxil olması və limandan xarici dövlətin ərazisinə çıxışı zamanı gömrük orqanları, digər hallarda isə Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Gəmi liman akvatoriyasında və onların girəcəklərində üzərkən gəmi kapitanı müəyyən olunmuş hərəkət yolları üzrə üzməsini təmin etməli, hərbi və dəniz dibini dərinləşdirən gəmidən yankeçmə xüsusiyyətlərini nəzərə almalı, gəmilərin fərqlənmə siqnallarını bilməli, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postu, Sahil Mühafizəsi və Administrasiyanın tabeliyində olan qurumun fəaliyyəti barədə məlumatlı olmalıdır. Azərbaycanın ərazi sularında gəmilər Hərbi Dəniz Qüvvələrinin Naviqasiya və Okeanoqrafiya Xidməti tərəfindən verilən “Dənizçilər üçün bildirişlər”də və müvafiq təlimatlarda tövsiyə olunmuş yollar və kurslar üzrə hərəkət etməlidir. Gəmi kapitanı göstərilmiş marşrutlardan kənarlaşdıqda, bunun səbəbləri barədə Administrasiyanın tabeliyində olan qurumun gəmilərin hərəkətini idarə edən operatora, liman kapitanına, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postuna, Sahil Mühafizəsinə məlumat verməlidir. Azərbaycanın müvafiq dövlət orqanlarının öz funksiyalarını həyata keçirərkən, Azərbaycan Respublikasının ərazi sularında hərəkət edən gəmini dayandırmaq və yaxud onu təyin olunmuş yerə istiqamətləndirmək hüququ var və göstərişləri Azərbaycanın ərazi sularında üzən gəminin kapitanı üçün məcburidir.

Ərazi sularında balıq tutulmasına və digər işlərin yerinə yetirilməsinə yalnız günün işıqlı vaxtı icazə verilir. Azərbaycanın ərazi sularında üzən gəmilərin kapitanları gəminin giriş-çıxış vaxtı və koordinatları haqqında məlumatları operatora və Sahil Mühafizəsinə (xarici dövlətin ərazisindən gələn və xarici dövlətin ərazisinə yola düşən gəmilərin kapitanları həmçinin gömrük orqanlarına) yerli vaxtla saat 08:00-da, 15:00-da və 20:00-da bildirməlidirlər. Balıqçı gəmiləri öz koordinatları haqqında məlumatı operatora və Sahil Mühafizəsinə yerli vaxtla saat 15.00-da verməlidir. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycanın daxili sularında üzərkən və ya Azərbaycan limanında dayanarkən, öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan bayrağını fok-dor ağacının sağ nokunda qaldırmalıdır. Gəmilərin farvater və kanallarda, limanların girişlərində, məhdud görünüş şəraitində, ikili ötüş zamanı, dibdərinləşdirici, sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlərlə məşğul olan gəmilərin yaxınlığından keçərkən bir-birini ötməsi qadağan edilir. Gəmilər kanallarda hərəkəti davam etdirmək üçün açıq-aydın təhlükə olduqda, texniki nasazlıq nəticəsində gəmi dayandıqda və keçid digər gəmilər tərəfindən bağlandıqda lövbərə dayana bilər. Digər hallarda gəmilərin kanallarda lövbərə dayanması qadağandır. Kanalda lövbərə dayanmağa məcbur olan gəminin kapitanı dərhal operatora gəminin adı, lövbərdə dayanma koordinatları və səbəbi barədə məlumat verməlidir. Operator tərəfindən həmin məlumatlar dərhal Sahil Mühafizəsinin və Hərbi Dəniz Qüvvələrinin müvafiq növbətçi xidmətlərinə çatdırılmalıdır. Radar və ultraqısa dalğalar (UQD) radiostansiyası vasitəsilə təchiz olunmayan, habelə məhdud görmə şəraitində və gecə vaxtı bu cür avadanlığı nasaz olan gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) hərəkəti qadağandır.

Azərbaycanın Dövlət bayrağı altında üzən gəmilər öz adına və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq, çağırış siqnalına və tanınma (identifikasiya) nömrəsinə malik olmalıdırlar. Gəminin texniki təchizatından asılı olaraq, gəmiyə peyk rabitə stansiyasının identifikasiya nömrəsi və rəqəmlə seçici çağırış nömrəsi verilir. Gəmilərdə avtomatik identifikasiya sistemi (AİS) quraşdırılmalıdır. Kiçikhəcmli gəmilər adını və nömrəsini, gəmi sahibinin adını və ünvanını özündə əks etdirən qeydiyyat sənədinə malik olmalıdırlar. Gəminin xilasetmə qayıqlarının bortunda onun ölçüləri, tutumu və gəminin adı yazılmalıdır. Gəmilər uzaq məsafədən tanınma və izləmə sisteminə qoşulmalı, qlobal dəniz fəlakəti zamanı əmniyyətli rabitə sisteminə malik olmalıdırlar. Azərbaycan ərazisində yerləşən məntəqələr arasında üzən gəmilər təyinat limanına yaxınlaşma haqqında ilkin məlumatı 24 saat əvvəl, dəqiqləşdirilmiş məlumatı isə yaxınlaşmadan 4 saat əvvəl operatora və Sahil Mühafizəsinə təqdim edirlər (keçid vaxtı 24 saatdan az olan gəmi limandan çıxdıqdan sonra yaxınlaşma barədə məlumat 2 saat müddətində dəqiqləşdirilir). Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərdə Azərbaycan Dövlət bayrağı hər gün saat 8-də qaldırılır və gün batdıqda endirilir. Azərbaycan Dövlət bayrağı gəmi limana daxil olduqda və limandan çıxdıqda, dənizdə Azərbaycan Dövlət bayrağı altında üzən hərbi və digər gəmilərə rast gəlindikdə müəyyən edilmiş vaxtdan əvvəl (saat 8-dək) qaldırılır və gün batarkən endirilmir. Gəmi dayanacaqda olduğu zaman Azərbaycan Dövlət bayrağı yalnız arxa bayraq ağacında, hərəkət etdiyi zaman isə arxa bayraq ağacında və yaxud qafeldə qaldırılır. Kiçikhəcmli və yedək gəmiləri dayanacaqda və ya hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının Dövlət bayrağını qafeldə qaldırmaq hüququna malikdirlər.Gəmilərin limana girişi və çıxışı zamanı Administrasiyanın, Hərbi Dəniz Qüvvələrinin, Sahil Mühafizəsinin, Fövqəladə Hallar Nazirliyinin və gömrük orqanlarının gəmilərinə üstünlük verilir.

Gəminin limana girişi gəmi limana daxil olduqdan sonra 24 saat ərzində liman kapitanı tərəfindən rəsmiləşdirilir. Xarici dövlətin ərazisindən gələn gəminin girişinin daxili və xarici reyddə rəsmiləşdirilməsi zamanı Sahil Mühafizəsinin və gömrük orqanlarının nümayəndələrinin iştirakı təmin olunmalıdır. Azərbaycan ərazisində yerləşən məntəqələr arasında üzən gəmilərin limandan çıxışı liman kapitanı tərəfindən Sahil Mühafizəsi ilə razılaşdırılmaqla birdəfəlik (gəmi sahibinin əsaslandırılmış müraciəti əsasında -çoxdəfəlik) rəsmiləşdirilir. Xarici dövlətin ərazisinə yola düşən gəminin dənizə çıxışına yalnız Sahil Mühafizəsi tərəfindən yanalma körpüsündə (yerləşmə məntəqəsində və ya xüsusi ayrılmış başqa yerdə) gəmi heyəti üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər yoxlanıldıqdan sonra icazə verilir. Çıxış üçün icazə 24 saat ərzində qüvvədədir. Hər hansı bir səbəbdən gəmi limanda bu müddətdən artıq dayanarsa, gəmi kapitanı bu barədə liman kapitanına məlumat verməli və gəminin çıxışını yenidən rəsmiləşdirməlidir. Limanın fəaliyyətinin təmin edilməsi məqsədi ilə istismar olunan gəmilərin girişi və çıxışı 24 saat ərzində birdəfəlik rəsmiləşdirilir. Gəmilərin lövbərə durması və ya lövbər dayanacağı yerinin dəyişməsi operatorun icazəsi ilə Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postu və Sahil Mühafizəsi ilə razılaşdırılmaqla həyata keçirilir. Dreyf üsulu ilə gəminin lövbər dayanacağı yerini dəyişdirmək qadağandır. Gəmidə naviqasiya işıqları kimi qəbul edilə biləcək işıqlardan istifadə olunması qadağandır. Hava şəraitinin dəyişməsi haqqında məlumat alan operator bu barədə liman kapitanlarını, liman akvatoriyasında olan gəmilərin sahiblərini, dispetçer xidmətini, liman akvatoriyasında və körpülərdə olan bütün gəmi kapitanlarını və gəmi agentlərini dərhal məlumatlandırmalıdır. Fırtına xəbərdarlığını alan liman kapitanı limanın dispetçer xidmətinə fırtına zamanı limanı tərk edəcək gəmilərin siyahısını təqdim etməli və gəmi kapitanı ilə birlikdə gəmi və üzən vasitələrin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onları yüksək hazırlıq vəziyyətinə gətirməlidir. Fırtına xəbərdarlığı və küləyin sürətinin 17 m/san-dən artıq güclənməsi haqqında məlumat alındıqda, gəminin minimum heyət tərkibi gəmidə olmalıdır. Fırtınalı hava şəraitində limanda dayanan gəminin kapitanı liman kapitanının və operatorun təhlükəsizliyin təmin olunmasına yönəldilmiş bütün tələblərini dərhal yerinə yetirməli, texniki cəhətdən saz olan hər bir gəmi fırtına zamanı liman kapitanının tələbinə əsasən limanı tərk etməlidir. Kiçikhəcmli gəmilərin və özühərəkətetməyən üzən vasitələrin kapitanları təhlükəli vəziyyət haqqında xəbərdarlıq aldıqda, dərhal təhlükəsiz dayanacağın təmin edilməsi üçün tədbirlər görməlidirlər. Külək və dalğalanma şəraitində kiçikhəcmli gəmilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlar üçün dayanacaq yerləri iritonnajlı gəmilərin hərəkət yollarından və dayanacaq məntəqələrindən kifayət qədər uzaqda müəyyən edilməlidir. Zibil, çirkab və döşəməaltı sular, qida və digər sərt qalıqlı tullantılar gəmi limanı tərk etməzdən əvvəl təhvil verilməlidir. Liman akvatoriyasında neft ləkələrinin gəmi heyəti tərəfindən nefti dibə çökdürən və ya onu suda həll edən məhlulların istifadəsi ilə aradan qaldırılması qadağandır. Neft dağıntısını törədən hər hansı bir gəminin heyət üzvlərinin dağıntının aradan qaldırılması işlərində köməklik göstərməsi məcburidir.

Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

Açar sözlər:

Oxunub: 2962