Penitensiar Xidməti Mehman Hüseynovu dəfnə buraxmağa borclu idimi?


19:50     07 Avqust 2018 mehman%20huseynov.jpg

Həbsdə olan şəxsin yaxın qohumlarının vəfat etməsi zamanı onların dəfndə iştirakı hansı qaydada mümkündür?


Femida.az bununla bağlı araşdırma aparıb. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində icazə məsələsi yalnız mümkün variant kimi göstərilib.Qanuna əsasən bu məcburi deyil. Bu yalnız Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin daxili qərarı əsasında mümkün ola bilər.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsində Cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda qısa müddətli səfərlər barədə bəhs olunarkən qeyd edilir:

Məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə, nəzərə alınmır. Qısa müddətli səfərə cəzaçəkmə müəssisəsinin müdiriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla icazə verir. Qısa müddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Məhkumun yol xərcini özü və ya qohumları ödəyir. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt ərzində ona əmək haqqı verilmir.
Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilməlidir.
Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanundan da göründüyü kimi məhbusların icazəsi məcburi yox, daxili qaydalar və qərar əsasında verilə bilər.Həbsdə olan blogger Mehman Hüseynovun anasının dəfn mərasimində iştirakı qeyd olunan məsələyə nümunə kimi göstərilə bilər.Bu addım Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin humanist addımı kimi təqdir olunmalıdır.Hansıki, bu cür humanist addımlar bir çox məhbuslar üçün atılıb.

Miri Məcidli
Femida.az



Açar sözlər: #Ədliyyə_Nazirliyi   #Mehman_Hüseynov  

Oxunub: 5466