Tovuzda minaya düşənlər üçün Bakıdan həkimlər getdi


20:06     07 Avqust 2018 qenire.jpg

"Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verən hadisə, 2 kənd sakinimiz 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlunun minaya düşərək ağır bədən xəsarətləri alması xəbəri hamımızı üzdü.Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı sakinlərimizi xilas etmək, onlar kömək üçün həkimlərimiz əllərindən gələni ediblər və edirlər".

Femida.az xəbər verir ki, bu barədə Tovuz rayonundan seçilən millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili qeyd edib ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa həkimlə, rayon icra hakimiyyəti başçısı Məmməd müəlimlə, Əlibəyli kənd icra nümayəndəsi ilə, həkimlərlə dəfələrlə danışmışam və hər kəs Elşad və Elgün üçün əlindən gələni etməyə çalışır.

"Bir az əvvəl Elşad bəylə danışdım. Çox şükr ki qəlpə yaraları ona həyati təhlükəli vəziyyət yaratmayıb və həkimlərimizin köməyi ilə yaraları təmizlənib, müalicələr aparılır və qısa zamanda inşallah sağalacaq. 14 yaşlı Elgünün vəziyyəti isə ağırdır.Əməliyyat olunub və həkimlərimiz,rayon mərkəzi xəstəxanası, rayon rəsmiləri, hamımız onun sağalması üçün əlimizdən gələni etməyə çalışırıq. Gəncədən də mütəxəssislər gəliblər. Yaralılarımız Səhiyyə nazirliyinin xüsusi diqqətindədir. Bakıdan da mütəxəssislər çıxıblar, yaxın saatlarda Tovuza çatacaqlar və Elgünün sağalması üçün bütün imkanlar səfər olunub. İnanırıq ki, yaxşılaşacaq. Bir az əvvəl Elgünün xəstəxanada olan yaxınları ilə də danışdım və hamımızın Elgün üçün dua etdiyini və onun sağalması üçün gərəkən bütün dəstəklərin göstərildiyini və göstəriləcəyini söylədim. Hadisənin baş vermə səbəbləri tam araşdırılır və müvafiq qurumlar məlumatlar verirlər və verəcəklər".

Q.Paşayeva vurğulayıb ki, bütün ön cəbhə kəndlərində yaşayan insanlarımız ərazilərdə mina təhlükəsi ilə bağlı qurumlarımızın quraşdırdığı nişanlara hər zaman xüsusi diqqət göstərməli, diqqətli olmalı,mina ilə bağlı məlumatlandırılmalara, xəbərdarlıqlara, bilgiləndirmələrə daha da həssas yanaşmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 441