SOCAR Almaniyanın “EWE” şirkətini almaq istəyir


01:59     10 Avqust 2018 socar0.jpg

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin enerji bazarını tərk etməyə hazırlaşan Almaniyanın nəhəng “EWE” şirkətinin səhmlərini almaq istəyən əsas namizədlərdən biridir.



Bu barədə Türkiyənin “haber7.com” saytında dərc olunan məqalədə bildirilib. Məqalədə qeyd olunub ki, Almaniyanın ən böyük şirkətlərindən olan “EWE AG” 2007-ci ildə daxil olduğu Türkiyənin enerji bazarından çıxmağa hazırlaşır. “EWE AG”in qardaş ölkədə “Bursaqaz”, “Kayseriqaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” olmaqla beş böyük şirkətə sahib olan törəmə şirkəti “EWE Turkey”nin səhmləri 200-250 milyon dollar məbləğində qiymətləndirilir.

Yazıda vurğulanıb ki, “EWE Turkey”nin səhmlərinin alınması ilə bağlı sərmayədarla aparılan danışıqlar demək olar ki başa çatdırılıb. Səhmləri almaq istəyən əsas namizəd şirkətlərdən biri SOCAR-dır. Bu məsələdə SOCAR-ın əsas rəqibi son dövrlərdə enerji sahəsinə sərmayələr yatıran “Kolin” şirkətidir.

Qeyd edilib ki, TANAP layihəsinin əsas səhmdarı olan SOCAR Türkiyənin enerji sektoruna milyardlarla dollar investisiya yatırıb. SOCAR-ın İzmirdə inşa etdiyi “STAR” neft emalı zavodu sentyabrda istifadəyə veriləcək.

Məqalədə diqqətə çatdırılıb ki, SOCAR-ın almağa çalışdığı “EWE Enerji” şirkəti ildə 2-2,5 milyard kubmetrlik təbii qaz tədarük etməklə Türkiyənin ən böyük topdansatış portfoliosuna sahibdir. SOCAR-ın enerji bazarının tələblərinə görə qiyməti nisbətən uyğun olan bu qazın əksər hissəsini “STAR” neft emalı zavodunda istifadə etməyi nəzərdə tutduğu vurğulanıb. (AzərTAc)

Femida.az

Açar sözlər:

Oxunub: 197