Sosial şəbəkədə böyrəyini satışa çıxaran azərbaycanlı kimdir? ŞOK ARAŞDIRMA


18:29     13 May 2015 emeliyyat1.jpg


Orqan transplantasiyası nədir?

Orqan transplantasiyası dedikdə xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda onun yaşaması üçün lazım olan orqanın digər bir insandan köçürülməsi nəzərdə tutulur.

Bu sahədə ilk təcrübə 1933-cü ildə Ukraynada olub. Ukraynalı həkimlər yüzminlərlə ölümcül xəstəyə yeni şəfa mənbəyi tapıblar.

İlk köçürülən orqan isə böyrək olub. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi tarixi akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq 1971-ci il martın 4-də böyrək köçürülüb. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Lakin bəzi hallarda orqanların transplantasiyası zamanı insan alveri cinayəti faktı ilə qarşılaşırıq.

Hazırda dünyada, o cümlədən Azərbaycanda bu cinayətin qurbanları durmadan artır. Daxili İşlər nazirinin müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov Milli Məclisdəki hesabatı zamanı deyib ki, hər il dünyada bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, bunların 7 faizi isə orqan transplantasiyasının üzərinə düşür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin illər üzrə yekun statistik göstəricilərinə baxsaq, görərik ki, insan orqanlarının və ya toxumalarının alqı-satqı və transplantasiya məqsədi ilə götürülməsi ilə bağlı 2009-cu ildə bir, 2011-ci ildə iki, 2014-cü ildə isə bir cinayət faktı qeydə alınıb.
Fedmida.az mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, orqan bağışlanmasının insan alveri cinayəti faktına çevrilməsi üçün mütləq üçüncü tərəf iştirak etməlidir:

“Həqiqətən bu məsələ hazırda çox aktualdır. Bir çox hallarda orqan transplantasiyası insan alveri cinayəti ilə eyniləşdirilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, insan alveri cinayəti ilə bağlı xüsusi meyarlar vardır. Bu meyarlara şəxsin asılı vəziyyətə salınması, oğurluq, güc tətbiq etmək, əvvəlcədə düşünülmüş niyyət və s. daxildir. Bu meyarlar vasitəsilə şəxs öz orqanını vermək məcburiyyətində qalır və nəticədə insan alverinin qurbanına çevrilir. İki şəxs arasında razılaşma əsasında notarial qaydada orqan transplantasiyası insan alveri cinayəti sayılmamalıdır. Qanunvericiliyə görə orqan transplantasiyasına şəxsin öz qohumu, yaxın doğmaları tərəfindən icazə verilə bilər. Amma bir çox hallarda görürük ki, kimlərsə notarial qaydada öz orqanını başqasına bağışlaya bilir.”

Hüquq müdafiəçisi daha sonar bildirib ki, hər orqan və ya toxuma transplantasiya obyekti ola bilməz. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 sentyabr tarixli, 168 nömrəli qərarı ilə transplantasiya obyekti olan orqan və ya toxumaların siyahısı təsdiq edilmişdir. Bu siyahıya görə respublikamızda ürək, ağciyər, ürək – ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya edilə bilər.”

Femida.az mövzu ilə hüquqşünas Ruslan Vəliyevin də fikirlərini öyrənib. Onun sözlərinə görə orqan bağışlanması zamanı ortada alqı-satqı predmeti varsa, bu cinayətdir: “Orqanların transplantasiyasına qanunla icazə verilir. Lakin bu prosesdə alqı-satqı predmeti olmamalıdır. Əgər kimsə orqanınnı hansısa məbləğin qarşılığında başqa bir şəxsə bağışlayırsa, bu faktiki olaraq cinayət faktıdır. Qanunvericilikdə isə orqan alqı-satqısı qadağan olunub.”

“Daha çox 22-25 yaş arası gənclər bu alverin qurbanı olurlar” – Hüquqşünas Ruslan Vəliyev vurğulayıb:

“Müəyyən yaşdan sonra orqanların transplantasiyası qadağandır. Adətən 60 yaşını keçmiş şəxslərin orqanları transplantasiya olunmur. Buna görə də daha çox 22-25 yaş arası gənclər bu cinayətin qurbanı olurlar.”
Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatlar həyata keçirilir. Azərbaycanda müvafiq qurumlar meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmlərinin hazırlanması üçün təcili tədbirlər görürlər. Lakin bu sahədə ölkəmiz çox da böyük uğurlar əldə etməyib.
Millət vəkili Qənirə Paşayeva parlamentin 17 mart 2015-ci il tarixdə keçirilən iclasında bu sahədə qarşıya çıxan problemlərdən danışıb. Onun fikrincə, orqan transplantasiyası məsələsində ən böyük problemlərdən biri orqan bağışlanması ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır.
Hələ 2013-cü ildə millət vəkili Qənirə Paşayeva özünün bədən orqanlarının transplantasiya olunmasına razılıq verib. O, hətta, bununla bağlı vəsiyyətnamə yazıb.

“Böyrəyimin birini 10 min manata satıram”

İnsanlar bəzən ehtiyac ucbatından orqanlarını satışa çıxarırlar. Belə faktlara Azərbaycanda da rast gəlmək mümkündür. Əbülfət Məmmədov adlı şəxs həyat yoldaşı Sevinc Məmmədovanın müalicəsi üçün sosial şəbəkədə öz böyrəyini satışa çıxarıb. Əbülfət bəylə söhbətimizdə məlum oldu ki, yoldaşının müalicəsi yalnız Türkiyədə mümkündür. Bunun üçün 10 min manat məbləğində pula ehtiyacı var. Bu ehtiyacı doldurmaq üçün o, böyrəyini satmaq qərarına gəlib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2143