Ucarda kəndlərarası yollar yenidən qurulur


17:29     14 Avqust 2018 2018/08/ucar_road_120618__(4)_1534239171.jpg

Ucar rayonunda kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Femida.az-a bildirilib ki, Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk yolu hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulur. Mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılıb. Bu işlər 310 min kvadratmetr sahəni əhatə edir.

Yolboyu çiyinlərin 12 santimetr qalınlığında qum-çınqıl qarışığı ilə tikilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası, bundan başqa suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından 432 poqonmetr metal boruların, həmçinin müxtəlif diametrli 840 poqonmetr dəmir-beton boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da görülən işlərin siyahısındadır. Torpaq işləri bitəndən sonra yolun 190 min kvadratmetr sahəsinə 2 laydan ibarət 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bunun ardınca isə hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağı, 162 ədəd yol nişanı və 523 ədəd siqnal dirəyi quraşdırılaraq, həmçinin 93 kilometr uzunluğunda xətlənmə işləri aparılaraq yolun yaxın aylarda vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 356