Aztəminatlı ailələrə ŞAD XƏBƏR


19:30     05 Oktyabr 2015 ---9.jpg

“Aztəminatlı ailələr artıq ilkin ödəniş etmədən ipoteka kreditlərindən faydalana biləcəklər”.


Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

O bildirib ki, hazırda Milli İpoteka Proqramının mövcud şərtlərinə dəyişiklik edilməsi nəzərdə tutulub:

“Artıq Mərkəzi Bank və Maliyyə Nazirliyi ipoteka proqramının təkminləşdirilməsi ilə bağlı bəzi şərtlərdə razılaşıblar. Mərkəzi Bankın məlumatına əsasən, bu razılıq həm özünü ipoteka proqramının faizlərində, həm də müxtəlif kateqoriyalar üzrə müəllim və həkimlərin daha uyğun şərtlərlə ipoteka almasına öz təsirini göstərəcək. İndiki məqamda müəllim və həkimlərin dövlət dəstəyinə ciddi şəkildə ehtiyacı var. Bu baxımdan müəllim və həkimlərə daha aşağı faizlə ipoteka kreditlərinin verilməsi onların mənzil problemlərinin həll prosesində atıla biləcək ən yaxşı addımlardan biridir. Əgər hazırda müəllim və həkimlər adi ipoteka kreditlərinə müraciət edirlərsə və bəzi hallarda onların əmək haqqı bundan istifadə etməyə imkan vermirsə, bu zaman sosial ipoteka kreditlərinin verilməsi onlara daha aşağı faizlə ipoteka kreditindən istifadə etməyə imkan verəcək. Hazırda sosial ipoteka faizlərinin aşağı salınması ilə bağlı müzakirələr gedir. Bu həyata keçdiyi halda ipoteka krediti 4 faizlə götürülə bilər. Biz təklif verdik ki, sosial ipotekanın faiz dərəcələri Bakıda 3 faizə, rayonlarda isə 2 faizə endirilsin. Bununla da müəllimlər və həkimlər də artıq öz maaşları ilə sosial ipoteka proqramından yararlana və öz mənzil problemlərini həll edə bilərlər”.

Vüqar Bayramovun sözlərinə görə, “İpoteka Sistemi Haqda” qanun üzrə İpoteka Fondu yanında İpoteka Zəmanət Fondunun yaradılması nəzərdə tutulub: “İpoteka Zəmanət Fondu yaradıldıqdan sonra aztəminatlı ailələr artıq ilkin ödəniş etmədən ipoteka kreditindən yararlana biləcəklər. Çünki qanunvericiliyə əsasən ilkin ödənişin İpoteka Zəmanət Fondu tərəfindən qarşılanması mümkündür.

Bu gün müzakirə olunan digər məsələlərdən biri də regionlar üçün limitin müəyyənləşdirilməsidir. Verilən ipotekaların bir qismi Bakı şəhərinin payına düşür. Buna görə də təklif olunub ki, regionlara minimum limitlər müəyyənləşdirilsin. Bununla da əgər kommersiya bankı bir ay ərzində 2 milyon manat ipoteka krediti verəcəksə, artıq yeni dəyişikliklər edildikdən sonra həmin məbləğin 1 milyon manatı regionlara təklif ediləcək. Beləliklə regionlarda yaşayan vətəndaşlar da ipoteka kreditlərindən daha səmərəli istifadə edə biləcək”.

İqtisadçı qeyd edib ki, artıq Maliyyə Nazirliyi və Mərkəzi Bank ipoteka kreditlərinin 50 min manatdan maksimum 100 min manatadək artırılması ilə bağlı razılıq əldə ediblər:

“Artıq Bakı və Azərbaycanın digər bölgələrində yaşayan əhali daha yüksək məbləğdə ipoteka krediti götürə bilərlər. Bütün bu yeniliklər nəticəsində Azərbaycan vətəndaşları, aztəminatlı ailələr, həmçinin müəllim və həkimlər ipoteka kreditlərindən daha səmərəli və faydalı şəkildə istifadə edə bilərlər”.

Açar sözlər:

Oxunub: 3609