Şəhid ailələrinə ev verildi


20:00     05 Oktyabr 2015 608f5349514f5b614d1f4ae2abc25279(1).jpg

Ağdam və Ağcabədidə müharibə əlilləri və şəhid ailələrinə mənzillər paylanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Azərbaycanın bölgələrində inşa etdirilən fərdi yaşayış evlərindən 10 ədədi Ağdam rayonunda, 14 ədədi isə Ağcabədi rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını diqqətə çatdırıb. Həmin insanlara yönələn prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığı vurğulanaraq, eyni zamanda onların pensiya və ya müavinətlə təmin edildikləri, onlar üçün qanunvericilikdə bir sıra imtiyazların nəzərdə tutulduğu bildirilib.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, son illərdə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi işlərindən bəhs olunub.

Vurğulanıb ki, Azərbaycan prezidentinin sərəncamı 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanan 5 731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. Sərəncamın icrası işlərindən biri kimi, respublikanın müxtəlif bölgələrində 375 fərdi evin tikintisi işləri aparılıb ki, onlardan artıq inşası başa çatan evlər istifadəyə verilməkdədir. Bu kimi tədbirlər bir daha sübut edir ki, Azərbaycanda makroiqtisadi sabitlik və tərəqqi dinamikası qorunub saxlanmaqla bərabər, sosial proqramların uğurla davam etdirilməsi də təmin olunur.

Açar sözlər:

Oxunub: 644