Milli Qəhrəmanın doğum günüdür


13:55     20 Avqust 2018 18_08_20_1534744549.jpg


Bu gün Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür.

Femida.az
-ın məlumatına görə, Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb. 1983-cü ildə məktəbi burada bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil sağalan kimi cəbhəyə qayıdır. O, 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil verir.

1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı kəndinə hücum edirlər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib. Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.

Femida.az

Açar sözlər: #Milli_Qəhrəman  

Oxunub: 256