Sumqayıtdakı yolun çökmə səbəbi - Foto


20:46     24 Avqust 2018 18_08_24_1535114878.jpg

Bir neçə gün öncə Sumqayıt şəhərində yolun çökməsi və bayram günləri ilə bağlı olaraq hələ də təmir edilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin baş verdiyi 20-ci məhəllə, Kamran Hüseynov küçəsində olublar. Hazırda ərazidə “Azərsu” ASC-nin əməkdaşları iş aparır. Yol təxminən 5 metr məsafə aralığında 2 yerdən çöküb.

Sumqayıt şəhər Sukanal İdarəsinin baş texnoloqu Teyyub İsmayılov saytımıza açıqlamasında bildirib ki, hadisə avqustun 21-də axşam saat 21:30 radələrində baş verib:

“600 millimetrlik kanalizasiya xəttinin bu hissəsində sızma nəticəsində qəza olub. Qəzanın aradan qaldırılması üçün işlər görülür. Sumqayıt şəhəri ötən əsrin 50-ci illərində salınıb. Bu xətt də həmin vaxt çəkilib. İstismar müddətinə keçdiyi üçün suyun sızması təbiidir. Yolun alt hissəsi qum olduğu üçün sızma nəticəsində çöküntü olub. Biz indi alternativ variant kimi əvvəlcə su pompalarından istifadə edərək borulara gələn axıntının qarşısını alırıq. Daha sonra su nasoslarıyla kanalizasiya xəttindən gələn tullantılar digər quyudan xəttə ötürülür. Yəni çökmə olan hissədə bir növ körpü yaradılıb”.



T.İsmayılov bundan sonra görüləcək işlərdən də danışıb: “Hazırda Sumqayıt şəhərinin 80 faizi su ilə təmin edilib, yaxın ətrafda bəzi yerlərdə suyun verilməsi dayandırılıb. Bir neçə saata bu problem də aradan qaldırılacaq və bütün əhali içməli su ilə təmin olunacaq. Kamran Hüseynov küçəsinin çökmə baş verən ərazisində yolun 40 metrlik hissəsi qazılaraq yeni boru xətti ilə əvəzlənəcək. Ondan sonra yol da nəqliyyat vasitələrinin istifadəsinə veriləcək. Təxminən sabah, yəni avqustun 25-də biz kanalizasiya xəttinin çəkilməsi ilə bağlı işləri tamamlayacağıq”.

Qeyd edək ki, kanalizasiya xəttinin partlaması nəticəsində yaşayış sahəsini kəskin üfunət iyi bürüyüb.





Femida.az

Açar sözlər:

Oxunub: 371