İqtidar-müxalifət görüşü baş tutacaqmı? TƏRƏFLƏR DANIŞIR


20:22     13 May 2015 iqtidar%20muxalifet2.jpg

İqtidarla müxalifət arasında növbəti görüşün tarixi məlum olub. Görüş Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə mayın 15-də saat 10:00-da baş tutacaq.


Femida.az görüşdə müzakirə olunacaq mövzular barədə müxalifət partiyaları sədrlərinin bir neçəsindən fikir öyrənməyə çalışıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev görüşdə daha çox Avropa Oyunları ilə bağlı müzakirələr keçiriləcəyini deyib:

“Bu görüşlər periodikdir. Dövri olaraq iqtidar müxalifət görüşləri keçirilir. Biz qərara gəlmişik ki, bu görüşlər iki aydan bir olsun. Artıq zamanı çatıb və prosedur da belədir ki, həmin dövr üçün aktual olan hər hansı bir məsələ gündəliyə daxil olunarsa, müzakirə predmetinə çevrilir. Mövzular müzakirə zamanı ortaya çıxır.Təkliflərdən biri odur ki, Avropa Oyunları ilə bağlı olaraq onun keçirilməsi, beynəlxalq təşkilatların münasibəti, daxildə bəzi mane olma cəhdləri və bu kimi məsələlər müzakirə olunsun. Ümumiyyətlə ictimai-siyasi məsələlər, ölkədə parlament seçkilərinin majoritar və proporsional keçməsi ilə bağlı müzakirələr, Qarabağ məsələsi də daxil olmaqla ciddi düşünmüşük. Görüşdə də bu məslələr qaldırılacaqsa, müzakirə olunacaq. Görüş açıq olur. Amma prinsipcə artıq iqtidar müxalifətin bir masa ətrafında oturması və ölkə məsələlərinin masa üzərinə keçməsi özü çox böyük irəliləyişdir. Orda nəyin müzakirə olunmasından asılı olmayaraq bu təqdirəlayiq haldır”.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə görüşdə nələrin müzakirə ediləcəyindən xəbəri olmadığını deyib:

“Hələlik nəyin müzakirə olunacağı məlum deyil, amma bizim görüşlə bağlı məsələlərimiz bu gün günün ikici yarısında “Azadlıq-2015" seçki blokunda müzakirə olunacaq. Bizim hər həftə toplantımız olur. Bu toplantı bilavasitə dialoqa həsr olunmasa da, toplantıda iqtidar müxalifət görüşü də dəyərləndiriləcək. Hələlik nəyin müzakirə olunacağını açıqlaya bilmərəm. Amma müzakirəmizdə qərarlara baxacağıq, ictimai siyasi vəziyyəti dəyərləndirəcəyik. Əvvəlki iki görüş bizə növbəti görüşün nəticələri haqqında dumanlı olsa da, nəsə vəd eləmir. İki görüşün nəticələri bunu deməyə əsas verir.

Keçən görüşlərdə Azərbaycanın bütün problemləri - daxili və xarici məslələri və bizim müzakirələrimizdən keçə bilən bütün sahələr üzrə məslələr danışılmışdı. Müzakirəsi və nəticəsi isə olmamışdı. Bizim dialoqlarda problemlərimiz var. Bu problemləri sadəcə hər kəs sadalayır. Amma həll etmək məsələsi gələndə həll olunmur”.

Azərbaycan Demokratik Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu iqtidarla növbəti görüşü zamanı hər hansı bir məsələni gündəmə gətirməyəcəyini deyib:

“Bu görüşün təşəbbüsü Prezident Aparatından gəlib. Ona görə də görüşdə hansı məsələ müzakirə olunacaq qabaqcadan məlumat verilməyib. Görüşün təxminən “Bakı 2015” Olimpiya oyunu ətrafında gedəcəyi məlumdur. Bu görüşün xarakteri elədir ki, görüşdə kim hansı məsələni istəsə qaldıra bilər. Bu baxımdan öz tərəfimdən elə bir ciddi məsələ qaldırmaq fikirində deyiləm.Yodaşlar hər hanısı bir məsələni qaldırıb müzakirəyə çıxararlarsa təbii ki, məndə o müzakirədə iştirak edərəm”.

Həmçinin ADP sədri, AXCP və Müsavat Partiyasının iqtidarla ötən görüşdə iştirak etməməsinə toxunaraq, bu partiyaları demokratiyaya dəstək verməməkdə günahlandırdı:

“Ümumiyyətlə, siyasi dialoqun nə olduğunu çoxu anlamır. Bəzi adamlar siyasi dialoqu adi bir danışıq kimi anlayır. Düşünürlər ki, görüş nəticəsiz ola bilər. Bəziləri də danışıqları fürsət kimi başa düşür. Əslində, siyasi dialoq əməkdaşlıq modelidir. Kimdə ki, əməkdaşlıq şüuru yoxdur, onun siyasi dialoqda iştirak etmək şanısı da yoxdur. Məsələn AXCP ya da Müsavat Partiyası. Başqa partiyaları kənara qoyuram. Onlar bir köynəkdən çıxıb.Bu partiyalar 20 ildir ki, bir yerdədir, uzunmüddətli əməkdaşlığı yoxdur. Bir-iki ildən artıq bir yerdə ola bilmirlər. Bu adamlarda əgər əməkdaşlıq meyli, konsensus şüuru yoxdursa, onlar iqtidarla necə dialoqa gələcəklər?! Bu qüvvələrdə demokratik prinsiplərdən biri olan konsensusa yad bir münasibət var. Çünki özləri demokratik düşüncə qabiliyyətinə malik deyillər. O cəmiyyətdə ki, iqtidar müxalifət arasında uzlaşma yoxdur demokratiya da yoxdur. İqtidarla hər hansı bir dialoqa getməmək, ya Suriya modeli deməkdir, gücü çatmayan da isə Şimali Koreya modelinin Azərbaycanda dolayısı yolla yaradılmasına dəstək deməkdir. Hər ikisi də Azərbaycan xalqının ziyanınadır”.

Görüşdə müzakirə olunacaq mövzu barədə isə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn hər hansı fikir bildirmədi:

“Mayın 13-də blokun Sədrlər Şurasının toplantısı olacaq və görüşlə bağlı məsələ müzakirə olunacaq. Bundan sonra məsələlərə aydınlıq gələcək”.

Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 790