Rövşən Lənkəranskinin atasının öldürülməsinin ŞOK detalları


17:01     06 Oktyabr 2015 rovsen1.jpg

“Oğru dünyası”-nın nüfuzlu lideri Rövşən Lənkəranskinin həyat hekayəti.


Femida.az “Oğru dünyası”-nın nüfuzlu simaları haqqında araşdırma yazısını davam etdirir. Bu dəfə təqdim edəcəyimiz şəxs bu aləmin ən nüfuzlu simalarından olan, həmyerlimiz Rövşən Canıyevdir (Lənkəranski). İlk öncə onun harada nə vaxt anadan olmasından başlayaq.


Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub.Orta təhsillini Lənkəran şəhərində alan Rövşən dindar ailəsinin övladı olub.O, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır.

Ailəsi...

Rövşən Lənkəranskinin atası 1992- ci ildə öldürüldükdən sonra, o anası Hacı Məsudə xanım, qardaşı Emil və Namiq Canıyev ilə birlikdə yaşayıblar. Onların ata-baba yurdu Lənkəranda Kiçik Bazar adlanan yaşayış massivindədir.

Qardaşı Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsində çalışır. O, Namiq Rafiq oğlu Caniyevdir. O, etibarlı və peşəkar işçi olduğu üçün dövlət tərəfindən mükafatlandırılıb.

Umumilikdə götürdükdə Canıyevlər ailəsi dinə və islama bağlı şəxslərdir. Rövşənin özünün də dindar olması və hər zaman xeyirxah insan olması hər kəsə məlumdur.
Rövşən Canıyevin ailəli olduğu və övladı olması barədə də məlumat var.

Atasının qətlinin tarixi və ŞOK səbəbi…


21 may 1992-ci ildə saat 21-22 radələrində Astaradan Lənkərana dönən VAZ 2106 markalı “Jiquli” maşını Pensər çayının üstündə yeni salınmış körpüdə üç nəfər silahlı şəxs tərəfindən saxlanıldı.

Bu üç nəfər şəxs əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş Sovet və Qüvvət (ona Vətən də deyirdilər) Quliyev qardaşları, Ədalət Məlikov Şahağacı kəndinin sakinləri idilər.

Lənkəran şəhər çörək kombinatının direktoru Rafiq Eynəli oğlu Canıyevin idarə etdiyi maşında T. adlı gənc bir qadın da vardı. Cinayətkar qrup Rafiq Canıyevi uzun-uzadı çək-çevirdən sonra daş, dəmir, ling və s. küt alətlərlə döyür, maşının bütün şüşələrini sındıraraq qadının çıxmasını təkid edirdilər. Bir azdan hadisə yerinə Şahağacı kəndinin hakimiyyət nümayəndələri gəlir. İki qonşu rayon arasında ədavətçilik toxumu səpən bu özbaşınalığın qarşısını almağa çalışırlar. Lakin gözlərini qan tutmuş cinayətkar dəstə onlara qarşı kobudluq edirlər və güya “rəhmə gəlib” ağır yaralanmış Rafiqi QAZ -24 markalı maşına qoyub xəstəxanaya aparmaq adı ilə Sovet Quliyevin həyətinə gətirirlər. Beyninin qurdu tərpənmiş Sovet avtomat silahı götürüb həyət-bacanı güllə-baran edir və sonra yaralı vəziyyətdə olan Rafiqi güllələyib qətlə yetirir…

Lənkəranskinin atasının qatili kimdir?

1957- ci ildə Şahağacı kəndində anadan olmuş Sovet Quliyev 1984-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. 1954-cü il təvəllüdlü Ədalət Məlikov hələ 1983-cü ildə Saratov vilayətinin Balaşova şəhər məhkəməsində RSFSR CM-nin 206 –cı maddəsiylə, 1955-ci ildə anadan olmuş Qüvvət isə Azərbaycan CM-in 207 –ci maddəsiylə həbs cəzasına məhkum edilmişdilər.

Respublikada reket və soyğunçuluqla məşğul olan qrupların tüğyan elədiyi vaxtda öz həmkəndliləri üçün belə təhlükəli olan bu şəxslər törətdikləri ağır cinayətdən sonra aradan çıxa bildilər…

Sovetin böyük qardaşı, dar ayaqda kasıb-küsuba əl tutan Bığ Gülağanın (Dədə ləqəbi ilə tanınan şəxsin) evi darmadağın edilib yandırıldı. Gülağa, həyat yoldaşı, övladlığa götürdükləri qız uşağı və bir neçə nəfər “Subtropik əməliyyatı”nın qurbanı oldular.

Sağlığında: “Mənim qardaşlarımla heç bir əlaqəm yoxdur!” deyən Gülağanın qəbahəti hüquq- mühafizə orqanları qarşında “boyun əyməməsi” idi. Əslində sübh çağı qəfil keçirilən bu əməliyyatın nə olduğunu anlaya da bilməzdi. O vaxtlar əsl cinayətkar qrup zərərsizləşdirilmədiyinə görə tez-tez belə şaiyələr də gəzirdi ki, Rafiq Canıyevin qisasını almaq üçün Lənkərandan guya Şahağacına silahlı basqın gözlənilir.

Cənub bölgəsində İsgəndər Həmidovun əməliyyatına bəraət qazandıranlar da oldu. Və beləliklə, üç böyük cilddən ibarət 3948 saylı cinayət işi əslində, tamamlanmamış qaldı. Axtarışda olan Sovet Quliyev isə 1993-cü ildə Vladivostok şəhərində törətdiyi başqa bir cinayət işinə görə həbs olundu.

Məhkəmədə atasının qatilini güllələyən Rövşən Caniyev…



Hörmətinə və səxavətinə görə Lənkəranda nüfuz sahibi olmuş Rafiq Canıyevin vəhşicəsinə qətlə yetirilməsinə çoxları təəssüflənirdi. Lakin bu itki ən ən çox onun o vaxt 17 yaşına yenicə qədəm qoymuş oğlu Rövşəni bərk sarsıtmışdı. 4 il qatilini axtaran nigaran ruh oğlunun yuxusuna gələrdi. Mənəvi iztirablarla, ruhi sarsıntılarla yaşa dolurdu Rövşən…

Və Astara polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində atasının qatili uzaq Naxodkadan Azərbaycana gətiriləndə bütün ailə üzvləri kimi o da məhkəmənin başlayacağı günü nigarançılıqla gözləmişdi…

Müttəhim kürsüsündə oturmuş qatil Rövşənin baxışlarına sanki davam gətirməyib, Rövşənə: “sən bayıra çıx!” deyə ağayana işarə vermişdi… Və Rövşən cibindən çıxartdığı tapançanı müttəhimə tuşlayıb 4 dəfə atəş açır. Güllələrin üçü hədəfə sancılır. Tapançanı özü məhkəməyə təhvil verib, sakitcə: “ Məni ədalətlə mühakimə edin!” deyir.(Mənbə: jurnalist Nurəddin Ədiloğlu / Avrasiya. Astara 18. 07. 1996.

Bu hadisə 1996-cı ildə baş verir. O, xəstəxanaya çatdırılsa da, orada ölür.

Bu zaman Rövşənin 24 yaşı olur. Elə hadisə yerindəcə polis onu həbs edir. Bu əməlinə görə, Rövşən Canıyevə 2 il həbs verilir.
Elə bu illərdə o özünün “Oğru aləmə” girdiyini elan edir. 2 il həbs müddətindən sonra o azadlığa çıxır. Bir müddət güləşlə məşğul olur.

Rövşən Lənkəranskinin oğru aləminə gəlişinin tarixi...

Lakin, bu dəfə də gənc oğlan yenidən həyatın sınağı ilə üz-üzə gəlir.
2000- ci ildə Bakı bulvarında kriminal aləmdə yaxşı tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. "Lənkəranski” həmin davada ciddi psixi travmalar aldığını iddia edir və məhkəmə-psixi ekspertizanın qərarı ilə müalicəyə göndərilir, ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır.

Oradan çıxandan sonra Rövşən 2002- ci ildə Azərbaycanı tərk edib, Moskvaya gedir. Azərbaycanda hüquq mühafizə orqanları onu axtardığı üçün o bir daha ölkəyə qayıda bilmir. Bundan sonra Rövşən Rusiya Federasiyasının vətəndaşlığını qəbul edir. Bu il ərzində o Rusiya, Ukrayna və bəzi Avropa ölkələrində nüfuz toplayır. Özünü bu aləmdə kifayət qədər etibarlı və nüfuzlu şəxs kimi təqdim etməyi bacaran Rövşənə 2003- cü ildə lotu Nardaranlı Mirseymur ona “Qanuni oğru” adını verib.

Həmin ildə o ilk böyük qətllərdən birini təşkil edir. Rusiyanın Sank-Peterburq şəhərində kriminal qruplaşmanının lideri olan Elçin Yevlaxinski ləqəbli Elçin Əliyevin qətli də məhz onun adı ilə bağlıdır.O, 2003- cü ildə Moskvada Apelsin-Boulunq klubunda öldürülüb. Polis araşdırmalar zamanı 2004- cü ilin dekabrında Canıyevi bu qətllə bağlı şübhəli şəxs qismində saxlayır. Lakin bir müddət keçəndən sonra onu Moskvanı tərk etməmək şərti ilə azadlığa buraxırlar.

Bir müddət onun həyatında sakit illər keçsə də, 2006- cı ildə Moskvada Kutaisi qruplaşmasının liderləri ilə “sxodka” zamanı polis tərəfindən saxlanılır. Bu zaman o üzərindəki saxta pasportu göstərərək tanınmamağa nail olub.Bundan sonra o azad edilib. Bundan 1 ay keçməmiş yenidən Canıyev polislə üz-üzə gəlməli olub. Bu dəfə o Moskvada Lujniki qapalı idman kompleksinin zalında “sxodka” zamanı təhlükəli anlar yaşayıb. Hətta ölümlə üz-üzə dayanıb. Həmin vaxt “vor-zakon”-ların mühafizəçiləri ilə AMON-çular arasında güclü atışma baş verib. Atışma zamanı bir neçə nəfər öldürülsə də, Rövşən ərazidən uzaqlaşa bilib.


Rusiyada böyük biznesin rəhbəri məhz Rövşən Caniyev olur...


Sabirabadlı Hikmət, Lotu Mirseymur və Çingiz Axundov öldürüldükdən sonra Rövşən Canıyev Moskvada azərbaycanlıların biznesinə klanlıq etməyə başlayır.Bu zaman onun artıq 31 yaşı var idi.

Ukraynada həbsi…

2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.2010- cu ildə Ağır Cinayətlər Məhkəməsində Rövşən Lənkəranskinin məhkəməsi keçirilir. Bu məhkəmə prosesi ümumi məhkəmələrdən ciddi şəkildə fərqlənir. Maraqlı məqamlardan biri məhkəmənin açıq olmasına baxmayaraq, kənar adamların buraya buraxılmaması qaranlıq qalan məqamlardandır.

2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o azadlığa çıxıb.
Bundan sonra Ukraynada yaşayıb.

İnterpolun axtardığı Lənkəranski...





Rövşən Canıyev İnterpol xətti ilə iki dəfə axtarışa verilib. İtaliya hökuməti 2013-cü ilin sentyabrında Rövşən Canıyevi mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilərək barəsində dövlətlər arası axtarış elan etmişdi. Lakin 1 il sonra 2014- cü ilin fevralın 28- də İtaliya azərbaycanlı kriminal avtoritet barəsində elan etdiyi axtarışı dayandırıb. Bundan sonra Rövşən Canıyevin İtaliya hüquq-mühafizə orqanları tərindən beynəlxalq axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytından götürülüb.Bu hadisələr də özlüyündə maraqlı və sirli olaraq görünür. Bir çoxları bunu Canıyevin nüfuzu və gücü ilə izah edirlər.

Rövşən Lənkəranskinin nüfuzu…


Onun nüfuzu Rusiyada, Ukraynada böyük olduğu kimi, Azərbaycanda da böyükdür. Sadə xalq nümayəndələri kimi vəzifə sahibləri də Canıyevin nüfuzundan və şəxsi keyfiyyətlərindən danışmaqdan çəkinmir.

Milli Məclisin deputatı Fəzail Ağamalı mətbuata açıqlamasında Rövşən Lənkəranski haqqında bu fikirləri söyləyib:

"Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm. Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər kəs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı ona hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir”.

Lənkəranskinin düşmənləri kimdir?


Nüfuzlu avtoritetin dostları kimi, düşmənləri də var. Digər qruplaşmaların liderləri Canıyevin nüfuzundan ya qorxur, ya da qısqanclıq keçirirlər. Burada Moskvada olan biznes maraqları da əsas rol oynayır. Belə ki, 2006-cı il aprelin 7-də Moskvada "Sabirabadlı Hikmət” qətlə yetirilir. Bundan bir il sonra daha bir azərbaycanlı avtoritet olan "Ağbaş” ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Buna qədər Rusiya bazarlarında nəzarəti məhz azərbaycanlı avtoritetlər edirdi. Onların qətllərindən sonra bazarlarda nəzarət "Rövşən Lənkəranski”yə keçir. Bundan sonra Lənkəranski ilə "Lotu Quli” arasında əsl müharibə başlayır. Bu müharibə bu gün də davam etməkdədir.

Rövşən Lənkəranskinin digər bir böyük düşməni “ Ded Xasan” ləqəbli kürd əsilli məşhur kriminal avtoritet Aslan Usoyan olub. Onlar arasında gedən uzun müharibədən sonra, 2010-cu ilin sentyabr ayında A.Usoyan güllələnir. Buna baxmayaraq o sağ qalır. “Ded Xasan” açıqlamasında onun qətlinin sifarişinin arxasında məhz Rövşən Lənkəranski dayanır.

2013- cü il yanvarın 16- da Bakı vaxtı ilə saat 15.30 radələrində Moskvanın mərkəzi küçələrindən olan Povarski küçəsində yerləşən “Köhnə fayton” restoranından çıxarkən “Ded Xasan” başından güllələnir. O, xəstəxanaya çatdırılsa da, orada qanaxmadan ölür. Onun qətli bütün dünyada səs-küylə qarşılanır.


Rövşənin ölüm xəbəri...

Əfsanəvi Rövşən Lənkəranskinin bir müddət əvvəl ölüm xəbəri də yayılır. Hətta onun Türkiyədə güllələnməsi və dənizə atılması xəbəri mediada yayılır. Bu xəbərlərdən sonra onun qardaşı Namiq Caniyev qardaşının öldürülməsi xəbərini təkzib etmişdi. Caniyev verdiyi açıqlamasında bildirmişdi ki, “Rövşən hazırda Dubaydadır. Onunla hər gün danışıram. Bu xəbərləri kimin yaydığını bilmirəm.”

Türkiyə polisi iddiaları təkzib etdi

İstanbul polisi və təhlükəsizlik rəsmiləri azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin öldürülməsi ilə bağlı yayılan məlumatları təsdiqləmədi.
İstanbul polisi qeyd edib ki, məsələ ilə bağlı araşdırmalar aparılıb və belə bir hadisənin baş verdiyinə rast gəlinməyib.
Hazırda Rövşən Canıyevin (Lənkəranskinin) Ukraynada olduğu qeyd edilir.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 54596