Erməni işğalçılığı ABŞ mətbuatında


17:04     06 Oktyabr 2015 bombshe56.png

Azərbaycanın Los Ancelesdəki baş konsulunun qaçqın və məcburi köçkünlər haqqında məqaləsi ABŞ mətbuatında dərc olunub.


Bu barədə Femida.az - a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Məlumatda qeyd olunu rki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi tanınmış ABŞ nəşrlərindən olan "The Daily Caller" qəzetinin 5 oktyabr tarixli sayında dərc olunub.

"Qaçqın böhranının həllində kiçik ölkənin təcrübəsindən dərs götürmək" başlıqlı məqalədə diplomat bildirir ki, bir müddət əvvəl Aralıq dənizi sahillərində acınacaqlı şəkildə həlak olan suriyalı azyaşlı Aylanın dəhşətli fotoları bütün dünyanı silkələdi və Avropanı qəflət yuxusundan oyanaraq bu humanitar faciənin miqyasını dərk etməyə vadar etdi. Müəllif vurğulayır ki, buna baxmayaraq, hələ də Avropada bəzi siyasətçilər və hökumətlər problemin həlli yollarını çarəsiz qaçqınlara qarşı hasarların inşasında və ya gözyaşardıcı qazlardan istifadədə görərək, məsuliyyətdən imtina edirlər. Bunun yanlış olduğunu bildirən baş konsul, belə bir zamanda hər şeydən öncə mərhəmət hislərinin üstün gəlməli olduğunu qeyd edərək, bu səpkidə Azərbaycanın təcrübəsinin faydalı olacağını diqqətə çatdırır.

N.Ağayev qeyd edir ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və xalqımıza qarşı apardığı etnik təmizləmə nəticəsində 1 milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıblar. Bas konsul vurğulayır ki, Azərbaycan ərazilərilə yanaşı Ermənistandan da böyük sayda azərbaycanlı əsrlərlə yaşadığı torpaqlarından zorən çıxarılıblar. N.Ağayev, azərbaycanlılarla yanaşı, həmin dövrdə Orta Asiyadan didərgin düşən 50 minə yaxın Axısqa türkünə də Azərbaycanda sığınacaq verildiyini söyləyərək, bütün qaçqın və məcburi köçkünlərin o vaxtkı Azərbaycan əhalisinin təxminən 15%-ni təşkil etdiyini qeyd edir.

Həmin illərdə SSRİ-dən ayrılaraq müstəqilliyini yenicə elan etmiş Azərbaycanın böyük siyasi-iqtisadi çətinliklərlə üzləşdiyini bildirərək, müəllif yazır: "Beynəlxalq ictimaiyyətdən yardımlar gəlsə də, kifayət etmirdi. Məcburi köçkünlər elektriksiz, susuz, məktəbsiz və tibbi xidmətləri qeyri-kafi olan çadır düşərgələrində məskunlaşmışdılar. Həmin məcburi köçkünlər arasında uşaqlıq dövrləri məhv olmuş, arzuları parçalanmış və həyatın fürsətlərindən məhrum olmuş yüz minlərlə uşaq – Azərbaycan vətəndaşlarının böyük bir nəsli yer alırdı. Ancaq Azərbaycan hökuməti onlardan üz çevirmədi, ən zəruri ehtiyaclarından başlayaraq onlara qayğı göstərməyi davam etdirdi."

Müəllif 2007-ci ildə Azərbaycanda sonuncu məcburi köçkün düşərgəsinin ləğv edildiyini, məcburi köçkünlərin hökumət tərəfindən tikilmiş, bütün lazımi şəraiti olan qəsəbələrə köçürüldüyünü,
Ermənistandan və Orta Asiyadan olan qaçqınlara Azərbaycan tərəfindən vətəndaşlıq hüququnun verildiyini qeyd edir. Diplomat vurğulayır ki, bütün bu işlərin arxasında ilk növbədə Azərbaycanın nümayiş etdirdiyi mərhəmət hissi və əzmkarlıq dayanır.

N.Ağayev həmçinin qeyd edir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Sonda müəllif bildirir ki, hazırda Yaxin Şərqdə cərəyan edən qanlı hadisələr fonunda meydana gələn qaçqınlar problemi ilə mübarizədə və bu bəşəri faciənin aradan qaldırılmasında Azərbaycan nümunəsi Avropa ucun ilham qaynağı ola bilər.

Məqalə ilə bu linkdə tanış olmaq olar:
http://dailycaller.com/2015/10/05/a-small-nations-lessons-on-the-refugee-crisis/

Açar sözlər:

Oxunub: 967