Əliyevlə Merkel nədən danışdılar? - Görüşün detalları


00:03     26 Avqust 2018 18_08_25_1535213099.jpg

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri xanım Angela Merkel iş adamları ilə görüşüblər.

Femida.az -ın məlumatına görə, Azərbaycan prezidenti tədbirdə çıxış edərkən deyib:

“Bu gün biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq, bir çox məsələlər, o cümlədən iqtisadi-ticarət sahəsindəki əməkdaşlıq müzakirə olundu. Bu gün biz iş adamlarının iştirakı ilə görüşümüzü davam etdiririk. Qeyd etməliyəm ki, Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq.

Alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir. Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulub. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.

Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaq”.

Görüşdə Almaniya kansleri xanım Angela Merkel də çıxış edib.

Federal Kansler deyib: “Biz bu gün ikitərəfli münasibətlər haqqında intensiv fikir mübadiləsi apardıq. Eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri haqqında fikir mübadiləsi apardıq. Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətləri barədə də danışdıq.



Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkədir. Bu binadan da gördüyümüz kimi, Azərbaycan çox sürətli inkişafa nail olub. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi yaxşı faktdır. Alman iqtisadiyyatının da geniş şaxəli olması burada yaxşı partnyorluq üçün əsas yaradır. Azərbaycanda Alman Xarici Ticarət Palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Prezident də qeyd etdi ki, ölkənin iqtisadiyyatının inkişafına töhfə vermək üçün digər müəssisələr də ürəkdən dəvət olunur. Bizim bunda böyük marağımız var.

Azərbaycan dünyəvi bir dövlətdir. Biz bu barədə danışdıq. Bu gün Azərbaycan dünyəvi müsəlman dövlətidir. Baxmayaraq ki, biz bu gün dünyanın bir çox ölkələrində islamlaşmanın daha da güclənməsi trendlərini müşahidə edirik.

Azərbaycanın iqtisadiyyatı üçün bu uğurların böyük əhəmiyyəti var. Almaniya bu sahədə yaxşı partnyor ola bilər. Mən çox şadam ki, yaranmış bu imkandan istifadə edib sizi dinləyə biləcəyik. Biz istəyirik ki, iqtisadiyyat nümayəndələri çıxış etsinlər, öz fikirlərini bildirsinlər”.

Açar sözlər:

Oxunub: 369