Brüsseldə anti-Azərbaycan kampaniyasına kimlər qoşulub? – FOTOLAR


20:57     13 May 2015 belcikaprotestat%20(9).jpg

2015-ci il mayın 12-də Avropa Parlamentinin binası qarşısında Azərbaycanda I Avropa Oyunları əleyhinə etiraz aksiyası keçirilib. Facebook-da yaradılmış təbliğat səhifəsində mitinqə 507 istifadəçi dəvət olunsa da, aksiyaya gələnlərin sayı 20-25 nəfər olub, onların əksəriyyəti isə xarici hüquq müdafiə təşkilatlarının, cinsi azlıqları müdafiə edən təşkilatların nümayəndələri olublar.

Leyla və Arif yunusların qızı Dinara Yunusdan başqa aksiyada heç bir azərbaycanlı iştirak etməyib. Hərçənd, Dinara Yunusa da “azərbaycanlı” demək praktik olaraq mümkün deyil.

Aksiyada olanların əksəriyyəti “köhnə tanışlar”dır: missiyası Azərbaycan əleyhinə təbliğat aparmaq olan QHT və şəbəkələr. Məsələn, İnsan Hüquqları Uğrunda Beynəlxalq Federasiya (FIDH), İnsan Hüquqları Evi Şəbəkəsi (The Human Rights House Network), İnsan Hüquqları Uğrunda Beynəlxalq Əməkdaşlıq Təşkilatı (International Partnership for Human Rights) – bunlar Azərbaycan əleyhinə danışmağa görə pul alan “ştatlı” hüquq müdafiəçiləridir.

Azərbaycandakı “5-ci kalon”un köhnə dostu, Bakıda keçirilən “Eurovision” ərəfəsində ölkəmiz əleyhinə kampaniyalar təşkil edən Rebekka Vinsent də aksiyada iştirak edib. Qeyd edək ki, indi o, “Sport for Rights”- “Hüquqlar üçün İdman” kampaniyasının koordinatoru və “Index on Censorship”in əməkdaşıdır.

Rebekka Vinsentin Azərbaycana qarşı fəaliyyəti aradan keçən müddət ərzində qətiyyən zəifləməyib. O, ötən ayın 23-də “Index on Censorship” təşkilatının Azərbaycan Prezidentinə “siyasi məhbus”ların azad edilməsi ilə bağlı qərəzli müraciətinin müəllifidir. Bundan əlavə, Britaniyanın baş naziri Devid Kamerona da Azərbaycanda insan hüquqları məsələsinin qaldırılması ilə bağlı müraciət edib. Yəni Azərbaycan əleyhinə kampaniya aparmaq işində peşəkarlaşmış bir “kadr”dır. Və harada antiAzərbaycan aşı varsa, xanım Vinsent orada başdadır.

Aksiya “Bu, Real Bakıdır (#RealBaku2015)” şüarı ilə keçirilsə də, əslində real yox, antiAzərbaycan dairələrinin sifarişilə yaradılan uydurma Bakının obrazına etiraz ediblər. Çünki real Bakıda həmin problemlərin heç biri yoxdur.

Təbliğat işləri həmçinin “Sport for Rights” facebook səhifəsində, #RealBaku2015 haştagında aparılıb, müzakirələrdə erməni bloqqerlər də fəal iştirak ediblər. Bu da bir daha göstərir ki, belə aksiyalar kimin marağındadır və ən çox kimlərə lazımdır.

Ən pisi odur ki, artıq Azərbaycan əleyhinə bu cür addımlar sinxron şəkildə atılır. Belə ki, eyni gündə Avropa Parlamentində bütün fraksiyaları “Bakı Oyunları: İnsan hüquqları üçün qaçın” adlı dinləmələr təşkil ediblər. Bu, göstərir ki, Azərbaycan əleyhinə addımlar təkcə QHT sektorundan qaynaqlanmır, həmin QHT-ləri idarə edən dairələr hətta Avropa Parlamentinə də təsir göstərəcək imkanlara sahibdirlər. Dinləmələrdə çıxış edənlər Avropa liderlərini olimpiadanın iyunun 12-də keçiriləcək açılış mərasiminə getməməyə səsləyiblər, Azərbaycan hökumətini I Avropa Olimpiya Oyunları ərəfəsində “siyasi məhbusları” azadlığa buraxmağa çağırıblar.

Şübhəsiz ki, bu çağırışlar, dinləmələr, QHT-lərin aksiyaları, sosial şəbəkələrdəki fəallıq eyni mərkəzdən idarə olunur. Əks halda, Azərbaycanda olmayan bir məsələni qabardıb, Avropanın gündəminə calamaq kimin nəyinə lazımdır?

“Azadlıq” radiosunun verdiyi məlumata görə, böyük ehtimalla, iyunda Avropa Parlamentində Azərbaycandakı insan haqlarının vəziyyətilə bağlı qətnamə də səsverməyə çıxarılacaq. Bundan başqa, parlamentin bir neçə üzvü yaxın həftələrdə Azərbaycan hökumətinə müraciət edərək insan hüquqları müdafiəçilərinin “siyasi məhbus saydığı” jurnalistləri və digərlərini azadlığa buraxmağa çağıracaqlar.

Maraqlıdır: niyə məhz olimpiada ərəfəsində? Bir neçə ay əvvələ qədər niyə bu mövzu heç kimin yadına düşmürdü və niyə bu məsələləri xatırlatmaq üçün bir ay gözləmək istəmirlər? Axı indi bütün Avropanın gündəmində Olimpiadadır, uydurma “siyasi məhbus” mövzusu yox...

Cavab sadədir: çünki həmin dairələr Olimpiadanın Azərbaycanın triumfuna çevrilməsini istəmirlər. Və istəyirlər ki, ölkəmizin tarixi zəfərini bütün mümkün yollarla qaralasınlar.

AzVision.az

Açar sözlər:

Oxunub: 755