İlham Əliyev Ucardadır - YENİLƏNİB


19:02     06 Oktyabr 2015 OMTwX1403u4v12.jpg

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfər edib.


Dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin illik quş əti istehsalı gücü 9,5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları “Mərcan” brendi ilə təqdim olunur.

Qeyd edildi ki, əsas istehsal prosesi beş sahədə - kəsim, şoklama, soyutma, bölünmə və qablaşdırma sahələrində aparılır.

Sonra Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən investisiya layihələri barədə məlumat verildi.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 620 milyon manat civarında kredit verilib. Bunun 445 milyon manatını güzəştli kreditlər təşkil edir.

Daha sonra dövlətimizin başçısı quş əti emalı müəssisəsində və quş yetişdirmə fabrikində yaradılan şəraitlə tanış oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.

Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Açar sözlər:

Oxunub: 972