Suriyada döyüşən azərbaycanlı: “Çoxu saqqalılar idi”


19:49     06 Oktyabr 2015 2c17aa63b759ef5d3fc9a5c2bb4e77eb.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Telman Bəkirov və Mübariz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər onlara qarşı verilən ittiham üzrə özlərini təqsirli bilməyib.

Onlar məhkəmədə sərbəst ifadə veriblər.

İlkin olaraq Telman Bəkirov ifadə verib. O, ifadəsində verilən ittihamın uydurma olduğunu iddia edib: "Mən əqidə adamıyam. Mənim Suriyaya ayağım belə dəyməyib. Halbuki, Suriyada döyüşməkdə təqsirləndirirsiniz. 2011-ci ildən sünni namazı qılmağa başlamışam. İsmayıllıdan köçüb, Bakıya gəlmişəm. Burada heç kimlə əlaqəm olmayıb. Müşfiqabadda yalnız cümə namazlarına gedib gəlmişəm. Bakıda qaynaqçı işləmişəm. Sonra sosial şəbəkədə Həsən adlı Türkiyə vətəndaşı ilə tanış olmuşam. İllərdir ki, onu qiyabi tanıyırdım. Məni Türkiyəyə işləməyə dəvət etdi. Arvad uşağımı rayona apardım. Özüm Türkiyəyə getdim. Orda qapı-pəncərə sexində işləmişəm. Türkiyədə 1 ay 8 gün olmuşam. Mən Anayurd şəhərində olmuşam. Həmin vaxtı mənim sənədlərim itib. Həmin məsələ ilə bağlı polisə, Ankarada olan səfirliyimizə müraciət etmişəm. Sonra sənədlərimi qaydaya salıb, Bakıya qayıtmışam”.

Bundan sonra hakim onun ibtidai istintaqa verdiyi ifadəni elan edib. İstintaqa ifadəsində Telman Bəkirovun Suriyaya getdiyi, ordakı azərbaycanlılardan ibarət silahlı birləşmələrdə iştirak etdiyi və sənədlərinin də həmin şəxslər tərəfindən alındığı məlum olub.

Telman Bəkirovdan sonra digər təqsirləndirilən Mübariz Tahirov gəlib. O, ifadəsində Suriyaya getmədiyi bildirib: "Mən namaz qılmağı Türkiyədə öyrənmişəm. Məni orda təsir altına salıblar. Yazıb-oxumağı bilmirəm. Məktəb oxumamışam. Savadsız adamam. Məni Qaziantep şəhərinə getmişəm. Orda bunların terrorçu olduğu görüb, Suriyaya getməkdən imtina etmişəm. Peşman olmuşdum. Məni həmin şəhərdə dustaq kimi evə salıblar. Neçə gün mənə təzyiq edib Suriyaya getməyimi istəyiblər. Məni Qaziantepə Mahmud Rəsulov adlı şəxs aparıb. O, özü isə Suriyaya gedib. Sonradan həmin şəxsdən xəbərim olmayıb”

Təqsirləndirilən şəxs prokuror və hakimin suallarını cavablandırıb. O, suallara cavab olaraq bildirib ki, Bakıda Şirxan adlı şəxsin işlətdiyi internet kluba gedib: "Orda çoxu saqqalılar idi. Ancaq youtube.com-dan Suriyadakı video-çarxlara baxırdılar. Onda mən onlarla heç bir əlaqə saxlamışam. Anam xəstəydi, 13 yaşından işləməyə məcburdum. İşləyib anama baxmışam. Elə Türkiyəyə də işləməyə getmişəm. Savadsız olduğumdan məni aldadıblar. Peşmanam”.

Prosesdə şahid qismində Telman Bəkirovun dayısı Tahir Hüseynov ifadə verib. O, ifadəsində bacısı oğlundan gec xəbər tutduğunu bildirib: “Mən qulaq şahidiyəm. Eşitmişdim ki, Telman Suriyaya gedib. Bacıma zəng elədim. O, da ağlaya-ağlaya bunu təsdiq elədi. Ordan gələndən sonra görüşə bilmədim. Bir də mənə zəng elədi ki, məni MTN-ə çağırıblar. Mən də onu ora aparmışam. İbtidai istintaqa verdiyim ifadəmi təsdiqləyirəm”.

Telman Bəkirov dayısının ifadəsinin yalnış olduğunu, anasının ona elə bir söz demədiyini bildirib.

Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər./lent.az/

Açar sözlər:

Oxunub: 1183