Narkoloji dispanserdə yanğın törədən alkoqolik: “Arvadımla münasibətlərim korlanmışdı..."


22:44     28 Avqust 2018 18_08_28_1535462706.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs olunanlar - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə ittiham olunan Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yanğını törətməkdə ittiham olunan Məhəmməd Məmmədov ilkin ifadəsində 1998-ci ildən etibarən alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzdə müalicə olunduğunu göstərib:” Əvvəllər Xəzər rayonu Buzovna qəsəbəsindəki hərbi təyinatlı zavodda işləmişəm. İş yerimdən mənə 5 otaqlı mənzil verilmişdi. 1993-cü ildə işdən çıxdıqdan sonra avtomobil təmiri sexlərində işləyirdim, az pul qazanırdım. Bu səbəbdən də arvadımla münasibətimiz korlanmışdı, xoşbəxtliyi içkidə tapmışdım. 1998-ci ildə arvadımla oğlum Vahid məni alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzə yerləşdirdilər. 2015-ci ildə mənə baxması şərti ilə evi Vahidə bağışladım. Bir həftə sonra mənə yenə sərxoş damğası vuraraq xəstəxanaya qoydular”.

Uzun müddət Narkoloji Mərkəzdə müalicə olunan M.Məmmədov oğluna zəng vurub və onu xəstəxanadan çıxartmasını tələb edib: “Son 20 ilim həmin Mərkəzdə keçib. Müalicə həkimin Afət Məmmədova oğlumla arvadımın sözü ilə hərəkət edir, məni uzun müddət orada saxlayırdı. 2017-ci ilin oktyabrında Mərkəzdən çıxdım, noyabrda yenidən qaytardılar. Vahidin məni nahaqdan Mərkəzdə saxlamasına qəzəbli idim. Zəng vurub məni çıxartmasını istədim, o isə “hələ orada çox qalacaqsan” dedi”.



M.Məmmədovun ifadəsinə görə, bu il martın 1-də tibb bacısı Şəlalə Ələkbərovadan evə buraxılma vaxtını soruşub. Tibb bacısı kitaba baxıb onun qalma müddətimin martın 1-dən yenidən uzadıldığını deyib: “Əsəbiləşdim, saxta sənədlərlə məni burada saxladıqlarına görə oranı yandırıb, dağıdıb çıxacağımı, Vahidin evini də yandıracağımı dedim. Özümü öldürmək həddinə çatmışdım, gecəni yata bilmədim, özümü öldürməyin yollarını fikirləşdim. Həmin gecə bir qutu siqaret çəkdim. Səhər saatlarında qərara gəldim ki, həyatımı bu Mərkəzdə başa vurmaqdansa, özümü yandırıb öldürüm. Ona görə də alışqanla üstümə örtdüyüm yorğanı ayaq tərəfindən yandırdım. Yorğanın alovu artıqda ölməkdən qorxub fikrimdən daşındım. Alovlanmış yorğanı divara sarı atıb palatada mənimlə birgə yatan Nurlanı oyatmağa çalışdım”.

Yanğının bütün şöbəni bürüdüyünü görən M.Məmmədov oradan qaçaraq uzaqlaşıb: “Yorğanın alovu qısa müddətdə divarı və çapayını bürüdü. Dəhlizə qaçdım, dedim ki, ay camaat buralar yanır, çıxın qaçın. Qonşu palatadan xəstələr, növbətçi sanitar Amid Quliyev və tibb bacısı Şəlalə Ələkbərova da dəhlizə çıxdı. Yanğın 15-ci palataya keçdiyi üçün hamı ora girdi. Kəskin iyli tüstü nəfəs almağı və görməyi çətinləşdirdi. Amid əsas qapını açdı, mən çıxıb həyətdə dayandım. Yanğının bütün şöbəni bürüdüyün görüb hasarı aşıb “Naxçıvanski” dairəsinə, oradan isə avtobusla bacımgilə getdim. Bacım Əslinin əri Səlimə Mərkəzdə yanğın olduğunu, canımı qurtarıb qaçdığımı dedim. Oğlum Vahid də ora gəldi, onunla görüşmədim, danışmadım da. Səlimlə gedib özümə ayaqqabı aldım, sonra marketdən araq alıb parkda bacımgildən götürdüyüm alma ilə içdim. Oğlumun mənə qarşı hərəkətlərini, bunun nəticəsində özümü öldürmək istəməyimi və istəmədən Mərkəzdə yanğına səbəb olduğumu fikirləşdim. Səlim məni parkda qoyub evə getdi, bir qədər sonra polislər yaxınlaşıb özümü təqdim etməyimi istədilər. Şəxsiyyət vəsiqəmin üstümdə olmadığını dedim, məni Xətai Rayon Polis İdarəsinə gətirdilər. Törətdiyim əməldən peşmanam, istəməzdim ki, xəstələrdən kimsə ölsün”.

M.Məmmədov daha sonrakı ifadəsində isə yanğını onun törətmədiyini, sadəcə mərkəzdə yanğın çıxdığını görüb çölə qaçdığını deyib. / virtualaz.org

Femida.az

Açar sözlər:

Oxunub: 414