Keçmiş iş adamı yenidən tüfeyli həyata qayıtdı - Nazirliyin yardımını geri çevirdi


15:36     29 Avqust 2018 18_08_29_1535527646.jpg


Ötən ay sosial şəbəkələrdə iki universitet bitirən, keçmiş şirkət rəhbərinin küçədə çarəsiz vəziyyətdə yaşaması ilə bağlı yayılan foto müzakirələrə səbəb olmuşdu. Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirən 62 yaşlı Akif Əliyev özünün dediyinə görə, 3 il bundan öncəyə qədər Yunanıstanda yaşayıb və özü qurduğu şirkətin rəhbəri olub. Lakin son 3 ildir ki, Bakıya qayıdıb və tüfeyli həyat tərzi sürür.

Femida.az xəbər verir ki, keçmiş iş adamının bu vəziyyətə düşməsinə səbəb iş ortaqlığı etdiyi dostunun ona qurduğu kələk olub. Belə ki,dostu Əliyevin adına banklardan külli miqdarda kredit götürərək qaçıb. Akif bəy isə borclarını qaytarmaq üçün bütün mülklərini satıb. Yeganə itirmədiyi şey həyat yoldaşının adına Yunanıstandakı mülklər olub. Lakin müflisləşəndən sonra arvadı uşaqlarını da götürüb onu tərk edib.



Paytaxt küçələrinin birində səfil həyatı yaşayan şəxsin əmək kitabçası, şəxsiyyət vəsiqəsi, diplomları və digər sənədləri də oğurlanıb. Yaşadığı həyat tərzi onun xəstələnməsinə gətirib çıxarıb, normal şəkildə yeriyə bilmir.

Həmin şəxslə bağlı edilən müraciətlərdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu nəzarətə götürmüş və nazirliyin sosial sığınacağına aparmağa qərar vermişdi. Sığınacağa getməzdən əvvəl isə Əliyevin müalicəyə ehtiyacı var idi. Bu gün artıq o, müalicəsini tamamlayıb və sığınacağa yerləşdirilmək üçün müvafiq binaya gətirilib. Lakin keçmiş iş adamının verdiyi reaksiya qəribə olub. O, nazirlik əməkdaşlarından onu sərbəst buraxmalarını, sığınacaqda yaşamaq istəmədiyini deyib.



Məsələni nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fazil Talıbov belə şərh edib:

“Ailəsi tərəfindən tərk edilmiş və səfil həyatı yaşayan Akif Əliyevi ötən ayın sonunda nazirliyin sosial sığınacağına aparmazdan əvvəl müalicə üçün xəstəxanaya yerləşdirilmişdi.

Müalicə kursu başa çatan və səhhətində müsbət dönüş yaranan A.Əliyev nazirlik əməkdaşları tərəfindən xəstəxanadan çıxarılaraq sosial sığınacağa aparılıb.
Lakin sığınacağa çatarkən o, burada yaşamaq istəmədiyini qəti şəkildə bildirərək, əvvəllər Nərimanov rayonu ərazisində kirayədə yaşadığı evə aparılmasını tələb edib. Nə qədər söhbət aparılsa da, o yenidən israrla həmin kirayə qaldığı mənzildə yaşamaq istədiyini bildirib. Dediyi ünvana aparılsa da, Akif Əliyev yaşadığı evə qədər müşaiyət edilməsini istəməyib və bundan sonra özü öz həyatını normal qaydada davam edəcəyini deyib.

Biz ona bütün mümkün dəstəyi verməyə çalışdıq, lakin əgər o, yenidən səfil həyatına qayıdacaqsa, deməli, belə həyat tərzi onun real durumunun yox, sadəcə şəxsi istəyinin nəticəsi olacaq”.



Qeyd edək ki, A.Əliyevin Nərimanov rayonunda kirayədə yaşadığı inandırıcı görünmür. Çünki ƏƏSMN əməkdaşları onu tapıb müalicə etdirənə kimi, Tbilisi prospekti yaxınlığındakı dalanlardan birində yaşayıb. İddialara görə, o alkoqolikdir. Sadəcə olaraq nazirliyin sığınacağında sərbəst şəkildə içki içə bilməyəcəyi üçün belə bir yalan uydurub.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #səfil   #Bakı   #Sosial   #ƏƏSMN  

Oxunub: 359