İrəvanın avtoqolu: Rusiya Ermənistanı nə ilə cəzalandıracaq? –

İrəvanın "avtoqolu": Rusiya Ermənistanı nə ilə cəzalandıracaq? –


20:31     01 Sentyabr 2018 18_09_01_1535790752.jpg

Ermənistanın Ukraynadan sonra Rusiyanın növbəti əsas siyasi xəbər mənbəsi və ya "nyusmeykeri" adına iddialı olduğunu müşahidə etməkdəyik. Son vaxtlar yeni vəzifəyə təyin edilən (və ya məcburən etdirilən) baş nazir Paşinyan həm Rusiyaya, həm də KTMK-yə fərqli bir fokus göstərdi - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu daha sonra buraxsa da şərti olaraq həbs etdirdi. Erməni general Ermənistanda ölkənin konstitusiya sistemini devirməyə cəhd etməkdə ittiham olundu. Həmin gün, keçmiş Ermənistan prezidenti, əli dinc Azərbaycan türklərinin qanına bulaşmış Robert Köçəryana qarşı da oxşar ittihamlar irəli sürüldü. İyulun 27-də Koçaryan həbs olundu.

Tədqiqatçıların sözlərinə görə, Ermənistanın keçmiş prezidenti və KTMT-nin cari baş katibi 2008-ci il martın 1-də mitinq zamanı nümayiş iştirakçılarına zor tətbiq edərək ölkədə konstitusiya quruluşunu devirməkdə günahlandırılır. Nümayişçilər prezident seçkilərinin nəticələrindən narazı idilər.

Xüsusi istintaq xidmətinin bəyanatı çox qəribə səslənirdi. Sanki 2008-ci ilə qədər Ermənistan demokratik və konstitutsiya hörmət edilən bir ölkə idi. Robert Köçəryan fövqəladə vəziyyət elan etdi, konstitutsiya quruluşunu dəyişdirdi, hakimiyyəti ələ keçirdi. Bu hadisələrdə onun yanında olan əsas hərbi qüvvələrə həmin dövrdə İrəvan qarnizonunun rəisi, Ermənistan müdafiə nazirinin müavini general Yuri Xaçaturov rəhbərlik edirdi. 1-2 mart tarixlərdə İrəvan qarnizonunun hərbçilərinin iştirakı ilə nümayışlər vəhşicəsinə yatırıldı, seçkilərdə saxtakarlıq olduğunu iddia edən Levon Ter-Petrosyanın lideri olduğu müxalifət düşərgəsinə divan tutuldu. Divana rəhbərlik edən Xaçaturov 45 gün sonra Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsi ilə mükafatlandırıldı.

Yeni baş nazir Paşinyan bu hadisələri yenidən qabartmaqla Rusiyanın maraqlarının əksinə getdiyini yəqin ki, anlayır. Qısa müddət həbsdə qalan Xaçaturov cəmi 10000 dollar girov müqabilində həbsdən azad edildi. NATO-ya qarşı fəaliyyət göstərmək üçün yaradılan KTMT başa katibi kimi məsul vəzifə daşıyan erməni generalının bu qədər ucuz dəyərləndirilməsi, onun həbsi qədər düşündürücüdür. Təbii ki, generalın həbsi Rusiyanın hakim dairələrində ciddi rezonansa səbəb oldu. Geosiyasi məkanda baş verənləri dərinliyinə qədər anlamayanlar üçün daha dəqiq olsun deyə fikirlərimi belə ifadə edim: hesab edin ki, Norveç höküməti öz vətəndaşı və keçmiş Baş nazir, indiki NATO baş katibi olan Yens Stoltenberqi həbs edib. Bu zaman ABŞ və digər üzv dövlətlərin də reaksiyası maraqlı olardı.
Digər maraqlı bir məqam Paşinyanın təşəbbüsü ilə yeni yaradılan Xüsusi istintaq xidmətinə İrəvanın baş prokurorunun əvvəlki müavini Sasun Xaçatryanın - Ermənistan Soros Fondunun direktorlar şurasının erməni ittifaqının sədri David Xaçatryanın dostu - doğma qardaşının təyin edilməsidir. Həqiqətən, borc ödənişi ilə daha gözəldir.

Rusiya Xarici İşlər naziri S.Lavrov dərhal Paşinyanın xələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə verdiyi bəyanatlar, onun hərəkətləri ilə daban- dabana ziddiyyət təşkil edir bəyanatını səsləndirdi.

Ermənistan tərəfinin Rusiyanın məlum narazılığını dərhal geniş ictimaiyyətə çatdırması da Mockva üçün gözlənilməz zərbə oldu. Paşinyan adminstrasiyası qəsdən həm Ermənistan, həm də dünya ictimaiyyətinə Rusiyanın xalqa divan tutan canilərin yanında yer almasını eyni vaxtda bir neçə informasiya kanalından çox qısa izah etdi. Paşinyan kütlənin fikirlərini istədiyi istiqamətə rahatlıqla yönəldə bildi. Ardınca Kreml, dərhal "Kommersant" qəzeti vasitəsilə Moskvanın Ermənistana planlaşdırılan 100 milyon dollarlıq yardım paketinin dondurulması barədə məlumatları ictimaiyyətə sızdırdı.

Qeyd edək ki, Xaçaturovun həbsi və onun dəyişdirilməsi faktiki olaraq KTMT-nin sədri vəzifəsinə Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin əməkdaşının təyin edilməsi deməkdir. Moskvanın buna razı olacağı real görünmür. İrəvanı bu addımlardan çəkindirməkdən ötrü Kremlin müxtəlif addımlar atacağı şübhəsizdir.

Dərhal, müxtəlif səviyyələrdə Ermənistana KTMT ölkələrinin maraqlarının təmin edilmədiyi halda "ən müxtəlif daxili və xarici siyasi dəyişikliklərin ola biləcəyi" barədə sərt xəbərdarlıq edildi. Dövlət Dumasının MDB məsələləri üzrə komissiyasının sədr müavini Konstantin Zatulin isə açıq şəkildə İrəvan Ermənistanın təhlükəsizliyinə zəmanət olan Gümrüdəki Rusiya bazasını, KTMT və rus silahlarını unutmamalıdır ultimatumunu səsləndirdi. Yəni Azərbaycanın Sizə bu gün toxunmamasının səbəbini anlayın. Daha sonra Zatulin qeyd etdi ki, KTMT Baş katibinin həbs olunması Rusiya ilə yüksək səviyyədə etibarın itirilməsi ilə nəticələnə bilər.

"Bu hərəkət təşkilatın özünün nüfuzunu zədələyə bilər. Burada KTMT nizamnaməsinin düzgünlüyü məsələsi də önə çıxır, çünki əsas öhdəlik yükünü məhz Rusiya Federasiyası daşıyır", - deyə o vurğulayıb.

Qırmızı Xətt

Ermənistan elitası və siyasi ekspertlərinin hər biri bu gün xor şəklində bir ağızdan eyni mahnını oxumağa üstünlük verirlər: "bu bizim daxili işimizdir", "daxili işlərimizə müdaxilə etməyin", "biz nə ediriksə, milli maraqlara xidmət edir" və s. Təbii ki, Ermənistan ümumən forpost ölkədir və mövcud məkanda fantaziyaların, o cümlədən arzuların sərbəst uçuşları kəşkin şəkildə məhdudlaşır.

Məhz buna görə də Moskva doğru olaraq hesab edir ki, Ermənistan hökuməti icazə verilən hüquq və azadlıqlar kontekstində qırmızı xətti keçib. Kreml KTMT Baş katibinin həbsini beynəlxalq hüquqa zidd addım kimi dəyərləndirir.

Əlbəttə ki, Paşinyanı hakimiyyətə gətirən radikal erməni qüvvələri davamlı olaraq əvvəlki hakimiyyətlə bağlı sonsuz araşdırmalar tələb edəcək. Onlar daha dərin qazmaq, daha çox həbs etmək və ya qisas almaq istəyirlər. Hələ ki, nə iqtisadi, nə hərbi, nə də siyasi səhnədə ciddi islahatlara nail ola bilməyən Paşinyan əhalinin həyat standartlarını yüksəldə bilmir. Yerdə onun hakimiyyətə gəlişini dəstəkləyən qüvvələrə sadiqliyini ucuz metodlarla nümayiş etdirmək qalır.

Paşinyanın əslində çətin seçim qarşısındadır: ya onu hakimiyyətə gətirən qüvvələrin tələblərinə reaksiya verməyərək Kreml ilə münasibətlərə önəm verməli (bunu isə Nikola onu hakimiyyət zirvəsinə qaldıran ətrafı bağışlamaya da bilər), ya da ətrafının tələblərini yetirərək əvvəl hakimiyyətdə olan dəstənin kökünü qazımaqla Moskva ilə münasibətləri gərginləşdirməlidir. Digər alternativi olmayan Paşinyan ikinci variantı seçib. Bu isə Ermənistanın öz qapısına qol vurması deməkdir. Əslində ta əvvəldən Paşinyanın ətrafına ciddi təsir etmək gücünə malik olmadığı bəlli idi. Bunun üçün onun siyasi iradəsi yetərli deyildi.

Əvvəllər də İrəvan və Moskva arasında narazılıqlar baş verirdi. Rusiyanın Azərbaycana silah satması, daim Ermənistanda etirazlara səbəb olurdu. Rusiya bazasının Ermənistanda yerləşməsi bölgədə yaşayan mülki sakinlərin ürəyincə deyil. Son zamanlar Rusiya hərbçilərinin təlimləri də ciddi qarşıdurmaya səbəb olmuşdu.

Adətən Moskva ermənilərə münasibətdə cəzalandırmaq deyil, daim "anlamaq və bağışlamaq" prinsipi ilə fəaliyyət göstərirdi. Çünki Rusiya heç bir halda Ermənistandakı hərbi iştirakından imtina etmək istəmirdi. Buradakı hərbi bazanı tərk etmək, Moskvanın nəinki Ermənistandan, hətta Şimali Qafqazdan da geri çəkilməsinə səbəb ola bilər. Standart vəziyyətdə ermənilərdən başqa heç bir Qafqaz xalqı "evində yad kişiyə" adət etməyib.

Rusiya isə illərdir hər şeylə təmin etdiyi İrəvanın yalnız Avropa İttifaqı ilə saziş imzalamaq və NATO-ya çox yaxınlaşmaq cəhdlərinə kəskin etiraz edirdi. Hazırkı vəziyyətdə Rusiya Ermənistandan çıxarıla biləcəyi təhlükəsi ilə "tet a tet" dayanıb. Buna görə Moskvanın Azərbaycana dəstəyi, Ermənistana isə təzyiqləri proporsional olaraq kifayət qədər asta templərlə tətbiq edəcəyi labüddür.

Əgər döyüş əməliyyatları bərpa edilərsə...

Paşinyanın yaxın ətrafının tələblərinə uyğun olaraq əvvəllər hakimiyyətdə olan qüvvələrin kökünü qazımaqla Moskva ilə münasibətləri gərginləşdirilməsi variantına üstünlük verməsi nə ilə nəticələnə bilər sualına birmənalı olaraq cavab vermək çətindir. Təbii ki, Kreml İrəvanın bu nadinc hərəkətlərini cəzasız qoymayacaq. Bu cəzalandırma tədbirləri Azərbaycan tərəfinə Ermənistanın mübarizə aparmaq imkanı olmayan yeni bir və ya bir neçə silah kompleksinin satışından ibarət ola bilər. Və ya Moskva öhdəliklərinə uyğun olaraq, əvvəl bir neçə dəfə olduğu kimi, Dağlıq Qarabağda baş verənlərə qısa müddətdə göz yuma bilər, yəni İrəvanı Azərbaycan Ordusunun dəmir zərbəsi ilə cəzalandıra bilər. Təbii ki, Paşinyan seçdiyi variant üzrə bəyanatlardan fəaliyyətə keçəcəyi təqdirdə Moskva tərəfindən vəd olunan geosiyasi vəziyyətin gərginləşməsi ssenarisi qaçılmaz olacaq. Ssenariyə görə Ermənistan kifayət qədər modern Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdən endirəcəyi sarsıdıcı zərbələrinə təkbaşına cavab verməli olacaq.

Son illərdə Azərbaycan Ordusunun keçirdiyi bütün döyüş əməliyyatları Ermənistan Ordusu üzərində qələbələrlə nəticələnib. Bu əməliyyatlar miqyasına görə məhdud ərazilərdə qısa zaman kəsiyində həyata keçirilib. Lakin verilən bəyanatlar bu dəfə başladılan əməliyyatların geniş miqyaslı və daha üzunmüddətli ola biləcəyindən xəbər verir. Ermənistan rəhbərliyi isə Bakının hərbi paradından sonra həm "güclü ordumuz mövcuddur", həm də "bizi Azərbaycandan qoruyun" kimi ziddiyyətli mesajlar səsləndirir. Ermənistanın baş naziri ilə normal bir hərbçi üz-üzə oturub, ona Azərbaycanda mövcud silah və sistemlərin həm əsas zərbə istiqamətində, həm də digər istiqamətdə yarada biləcəyi atəş sıxlığını və ya aradakı fərqi anlatmalıdır. Bunu anlaya bilsələr, bəlkə də gələcək hərbi əməliyyatlarda Qarabağ torpağı daha az erməni əsgərlərinin qanı ilə suvarılacaq. Nə qədər acı da olsa, mən də döyüşlə itirilən torpaqların eyni üsulla geri alınmasının tərəfdarıyam. Bu gələcək nəsillərə bu qələbənin dəyərini daha yaxşı anlatmağa imkan verərdi. Digər tərəfdən indiyə qədər dünya tarixi müharibə ilə işğal edilən ərazinin sülh ilə azad edilməsinin şahidi olmayıb.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Açar sözlər:

Oxunub: 3053