Başına 5 milyon dollar qoyulan terrorçu lider öldü


22:36     04 Sentyabr 2018 18_09_04_1536061163.jpg

Əfqanıstanın ən təhlükəsli terror qruplaşmalarından olan “Hakkanilər”in lideri və qurucusu Cəlaləddin Hakkani uzun xəstəlikdən sonra ölüb.

AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstandakı “Taliban” silahlı hərəkatı məlumat yayıb.
Cəlaləddin Hakkani 1980-cı illərdə Əfqanıstanda sovetlərə qarşı mübarizə aparmaq üçün “Hakkanilər” qruplaşmasını yaradıb. SSRİ-yə qarşı vuruşduğu üçün ABŞ administrasiyası və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənirdi. Hətta ABŞ-ın o zamankı prezidenti Ronald Reyqan da Cəlaləddin Hakkani ilə görüşmüşdü. Onların birgə fotoları da var.

Lakin sovet işğalına son qoyulduqdan sonra Hakkani “Taliban”la yaxınlaşdı və 1996-cı ildə Əfqanıstanda iqtidara gələn “Taliban” hökumətində nazir vəzifəsinə yiyələndi. 2001-ci ildə Əfqanıstanda “Taliban” rejimi devrildikdən sonra isə əvvəllər “Hakkanilər”lə müttəfiq olan ABŞ təşkilatın lideri Cəlaləddin Hakkaninin başına 5 milyon dollar pul qoydu. Lakin indiyədək ələ keçirilə bilmədi və “Taliban”a sadiqliyini qorudu.

Hazırda “Hakkanilər”ə Cəlaləddin Hakkaninin 40 yaşlı oğlu Siracəddin liderlik edir. Amerika 2012-ci ildə bu qruplaşmanı terror təşkilatı kimi tanıyıb. MKİ 10 minə yaxın döyüşçüsü olan “Hakkanilər”i “Taliban”dan daha təhlükəli hesab edir. Onlar son illər Əfqanıstanda törədilən bütün hücumların arxasında əslində “Hakkanilər”in dayandığını iddia edirlər. Ehtimallara görə, “Hakkanilər”in dünyanın hər bir yerində kəşfiyyatçıları mövcuddur.

Açar sözlər:

Oxunub: 326