Vəkilləri "makler" adlandıran şəxsə Kollegiya üzvündən CAVAB


21:12     04 Sentyabr 2018 18_09_04_1536067195.jpg

Vəkillər Kollegiyasının üzvü, vəkil Cavid Rzazadənin bəyanatı:

Bu günlərdə jurnalist Kamran Mahmudovun oc-media.org saytında “Müdafiəsiz qalanlar: Azərbaycanda hüquq müdafiəçilərinin-vəkillərin təcrid olunması” adlı məqaləsini gördüm və açığı məqalədə səsləndirilən fikirlər məni çox məyus etdi.

Xüsusilə, məqalədə müxtəlif müsahiblərin və müəllifin öz dilindən “...vəkillərin böyük əksəriyyəti siyasi məhkəmə proseslərinə çıxmağa çəkinirlər və yaxud da “makler” rolunda iştirak edirlər”, “Vəkillər Kollegiyasına yeni bina verildi, maddi və texniki dəstəyi gücləndirməyə başladı: Bir əldə zopa, o birində pirojna siyasəti”, “Yalçın İmanov, 2017-ci ilin noyabr ayında kollegiyadan uzaqlaşdırıldı, 2017-ci ilin payızından başlayaraq bu proses intensivləşməyə başladı” sözləri Vəkillər Kollegiyasının üzvü və hazırda Kollegiya tərəfindən vəkilliyin nüfuzunun gücləndirilməsi istiqamətində görülən işlərin bilavasitə şahidi və iştirakçısı olaraq məni narahat etməyə bilmir.

Əvvəla, hazırda Kollegiyanın 1500-dən çox üzvü var və yazıda adı çəkilən 4-5 vəkildən savayı digər 1400-dən çox vəkilin “makler” adı ilə damğalanması və bunun mətbuatda tirajlanması nəinki Kollegiyanın, ümumən hər bir vicdanlı vəkil kimi mənim də heysiyyətimə toxunur. Deyilənlərin ağ yalan olduğu bir kənara, onların həqiqət kimi publikaya təqdim olunması təəssüf doğurur.

Bundan başqa, yazı insanda elə təsəvvür formalaşdırır ki, məqalədə adları çəkilən vəkillər - Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Nemət Kərimli sanki Kollegiyanın üzvlüyündən xaric olunublar. Adları çəkilən vəkillərin fəaliyyətləri intizam pozuntusuna yol vermiş bir sıra digər vəkillərinki kimi müəyyən müddətə dayandırılıbdır və təbii ki müddətin sonunda vəkillik fəaliyyəti bərpa olunacaqdır. Halbuki, fəaliyyəti dayandırılmış digər vəkillərin heç bir yerdə, mətbuatda adları da hallandırılmır. Dolayısilə bu kimi məqalələr cəmiyyətdə elə bir təsəvvür yaradır ki, sanki Vəkillər Kollegiyası “seçməli” qaydada, qərəzli şəkildə hədəf vəkilləri cəzalandırır.

Bu məqamda bir qədər haşiyəyə çıxıb qeyd etməliyəm ki, 2018-ci ilədək olan 3 ilə yaxın fəaliyyətim dövründə mənim özüm bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamışam, lakin 2018-ci ildə yeni rəhbərlik barəmdə intizam icraatı başladı və tənbeh tədbiri tətbiq olundu. Xatirimdədir ki, mənimlə yanaşı Fariz Namazlı, Anar Qasımlı və digər dəyərli vəkil yoldaşlarım barəsində də intizam icraatına baxılırdı. Hər birimiz haqsız yerə intizam məsuliyyətinə cəlb olunduğumuzu düşünürdük. Lakin qərarı bizim özümüzün seçdiyimiz Rəyasət Heyəti qəbul edirdi və biz istəsək də istəməsək də bununla razılaşmalı, Kollegiyaya düşmən kəsilməməli idik.

Qayıdaq mənim dostumun yazdığı məqaləyə…

Bu qərəzli məqalənin digər təhrif olunmuş hissələri barədə də kifayət qədər əks-arqumentlər gətirmək olar. Lakin əminliklə bildirmək istərdim ki, 2018-ci ilədək olmuş Kollegiya ilə bu günki Kollegiya arasında müsbətə doğru yerlə göy qədər fərq var. Görülən işlər göz qabağındadır və bu işlərə təbii ki, qısqanclıqla yanaşanlar, gözügötürməyənlər də olacaq və bu istənilən cəmiyyətdə normaldır haldır. Lakin belə yazıları yazanlar da unutmamaldır ki, onlara cavab verə biləcək və son nəticədə həqiqəti ictimaiyyətə çatdıracaq Kollegiya üzvləri də zəruri hesab etdikləri addımları atacaq və təmsil olunduqları peşə təşkilatının müdafiəsində qətiyyətlə dayanacaqlar. Mən də öz növbəmdə vəkil olaraq mənsub olduğum qurumun müsbət fəaliyyətini görməməzlikdən gələn istənilən şəxsə, o cümlədən dostluq münasibətlərində olduğum Kamrana da həqiqətləri bildirmişəm və deməyə də davam edəcəm.

P.S. Vəkil olaraq mən bu məqalənin müəllifi ilə uzun müddətdir ki, yoldaşlıq və əməkdaşlıq münasibətlərindəyik. Hətta bizim ümumi tanışlarımızın da xatirində olar ki, məqalə müəllifi Kamranın Bakıdan xeyli uzaqda hüquqlarını da peşəkarcasına müdafiə etmişəm və heç kimdən çəkinmədən həqiqətləri canlı şəkildə «facebook» vasitəsi ilə çatdırmışam. Belə olan halda Kamran Mahmudovun mənim kimi “tanınmamış vəkil” dostunun münasibətini öyrənməməsi və yalnız hər zamankı kimi eyni “tanınmış növbətçi vəkil”lərdən ölkədə vəkilliyin vəziyyəti barədə məlumat öyrənib bunun əsasında xarici mətbuata çıxacaq məqalə yazması onun qərəzsiz jurnalist olmasını kölgə altına qoymaqla yazı sifarişçilərinin niyyətləri barədə xəbər verir.

P.P.S. Kamran! Səninlə biz yoldaşlıq etmişik, duz-çörək kəsmişik. Mən və yaxud mənim həmkarlarım sənin mənsub olduğun jurnalist ordusuna xələl gətirən bir ifadə işlətməmişik. Ayrı-ayrı jurnalistləri və onların davranışlarını tənqid etmişik, lakin ümumilikdə, jurnalistikanı pisləməmişik. Səndən də, bir jurnalist olaraq və ən azından bir dost olaraq gözləntim o idi ki, ayrı-ayrı vəkillərin fəaliyyətini və ya fəaliyyətsizliyini tənqid et, lakin mənim mənsub olduğum bütün bir qurumun fəaliyyətinə kölgə salmağın heç də yoldaşlıq deyil. Vəkil qurumuna atdığın o daşın bir parçası sənin dostun olaraq mənə də dəyir. Sən tənqidçi jurnalistsən və bu hardasa alaşılandır. Belə bir məqalə yazanda mənim də fikrimi yazıb dərc edərdin. Etməmisənsə, bu, o deməkdir ki, alternativ fikri yayımlamaq istəməmisən. Məqalədə qeyd edirsən ki, 150 nəfər şəxs vəkilsiz qalıb. Ay qardaş, mən və mənim kimi yüzlərlə vəkil var. Hansımıza müraciət olundu və biz hüquqi xidmətdən imtina etdik? Mənə müraciət edilsə və de təbii ki, razılaşdırılmış qonorar ödənilsə, heç kimdən çəkinmədən və qorxmadan istənilən şəxsin müdafiəsini həyata keçirərəm. Bunu ki sən bilirsən. Yoxsa mənim vəkil kimi fəaliyyətimi bəyənmirsən və hesab edirsən ki, mən sifarişlə işləyirəm? Özün də bilirsən ki, mən qeyri-prosessual şəkildə davranan istənilən prokuroru, müstəntiqi və ya hakimin qabağında sözümü demişəm və heç kimdən çəkinəcəyim yoxdur. Sırf vəkil kimi fəaliyyət göstərdiyim və imkanlarımda vəkillik fəaliyyətindən kənar şəkildə istifadə etmədiyim halda kimsə məni kollegiyadan uzaqlaşdırmaz.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya  

Oxunub: 1881