DİN əməliyyat keçirdi: Silah satan şəxs tutuldu


15:22     07 Oktyabr 2015 Din%20(1).jpg

Azərbaycanda odlu silah-sursatın alqı-satqısı, külli miqdarda müxtəlif növ narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Astara rayon sakini Zaur Əliyevin “AKSU” markalı avtomatı, patron darağını və 114 ədəd müxtəlif çaplı patronları sentyabr ayının 22-də adı istintaqa məlum olan şəxsə 1500 manata satması müəyyən edilib.

Tədbirin davamı olaraq Zaur Əliyev 1 ədəd qumbaranı həmin şəxsə 300 manata satmaq istəyən zaman yaxalanıb.

Zəngilan polisinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri daha bir əməliyyat tədbiri ilə Astara rayon sakinləri Elşən Ağalı, Röyal Əliyev, eləcə də Bakı şəhər sakinləri Tural Səfərov və Hüseynağa Əsgərov da tutulublar.

Onlardan Elşən Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də 22300 saxta ABŞ dolları aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı E.Ağalı narkotik vasitələri bir müddət əvvəl satış məqsədi ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyini, saxta pulların isə ona satmaq məqsədilə H.Əsgərov tərəfindən verildiyini bildirib.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1034