BQXK Kəlbəcərli girovlara baş çəkib


19:27     05 Sentyabr 2018 18_09_05_1536146870.jpg

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda erməni separatçıları tərəfindən girov saxlanılan azərbaycanlılara baş çəkiblər.


Femida.az bildirir ki, bu barədə BQXK-nin Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki missiyasının ofisindən xəbər verilib.

Qeyd olunub ki, BQXK mandatına uyğun olaraq saxlanılma şəraitləri və onlarla davranışın monitorinqini aparmaq, həmçinin, ailə üzvləri ilə əlaqənin təmin edilməsinə yardımçı olmaq üçün mütəmadi qaydada əsirlərə baş çəkir.

Xatırladaq ki, BQXK neytral, qərəzsiz və müstəqil beynəlxalq humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan, həmçinin, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılmasından ibarətdir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq təşkilatın Azərbaycan və Ermənistanda nümayəndəlikləri, Xankəndində isə ofisi fəaliyyət göstərir. BQXK-nin hansısa ərazidə fəaliyyəti həmin ərazinin statusuna təsir eləmir. Həmçinin, əsirlərə başçəkmə zamanı BQXK gördüklərini ictimaiyyətə açıqlamır.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər soydaşımız - Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dilqəm Əsgərovla Şahbaz Quliyevin Xankəndində erməni separatçıların qondarma və qanunsuz məhkəmə prosesi ilə mühakimə edilməsi, cinayətkar rejim tərəfindən işgəncələrə məruz qoyulması barədə rəsmi Bakı indiyədək bir çox beynəlxalq təşkilatlara şikayət edərək onların azad olunması üçün müraciət etsə də, dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüquq normalarının heçə sayılması səbəbindən bu cəhdlər hələlik nəticəsiz qalıb.

Açar sözlər:

Oxunub: 313