Güneylilər “Salam Azərbaycan” kampaniyasına başladı - İran dövlətinin qadağasına görə


17:13     07 Sentyabr 2018 18_09_07_1536311609.jpg

Güney Azərbaycandakı həmyerlilərimiz sosial şəbəkələrdə “Salam Azərbaycan” kampaniyasına start veriblər. Buna səbəb İran Dövlət Teleradio Şurasının Şərqi Azərbaycan TV-nin aparıcısı Məhəmməd Fərşbafa qarşı qadağa qoyması olub.

Femida.az xəbər verir ki, bu barədə aparıcı özü İnstaqram səhifəsində məlumat verib: "Efirdə Azərbaycana salam göndərdiyim üçün təhqiramiz şəkildə mənə xəbərdarlıq edildi. Bir gecə açıq havada çəkilən bir verilişdə monitorda özümü və arxamdakı Təbrizin parıltılı işıqlarını gördüm və dedim: Arxamda Təbriz, üzbəüzümdə isə böyük Azərbaycanımıza salam deyirəm. Demək istədim ki, Şərqi Azərbaycan əhalisi məni televiziyadan izlədiyi üçün, mən onların önündəyəm və Təbriz mənim arxa tərəfimdə yerləşir.

Bir gün sonra senzura məmuru mənə zəng edib dedi ki, xəritəyə görə, Təbriz arxanda olanda, Azərbaycan Respublikası sənin üzbəüzündə yer tutur. Sən səhv edirsən (bu söz qələt eləyirsən mənasında işlədilib) oraya salam göndərirsən.

Mən buna cavab olaraq dedim ki, xəritə bir kağızdır və şərti olaraq yuxarı tərəf şimal adlanır. Əslində mən üzü şərqə tərəf dayanmışdım. Daxili şəhərlərdən Tehran və Məşhəd, xarici ölkələrdən isə Əfqanıstan mənim üzbəüzümdə idi.

O isə "Sabahdan Azərbaycana salam versən aramız dəyəcək” deyə xəbərdarlıq etdi.



Aparıcının Azərbaycana salam göndərməsinə görə qadağa qoyulması soydaşlarımızı qəzəbləndirib. Onlar "Salam Azərbaycan" kampaniyasına start verməklə öz etirazlarını göstəriblər. Kampaniya azərbaycanlılar, xüsusi ilə də milli-mədəni fəallar tərəfidən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, İranda Teleradionun senzura məmurları adətən Ettelaat İdarəsi və İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) nəzarəti ilə seçilir. Panfarsizm məktəbinə qulluq edən senzuraçılar aparıcılara təzyiq göstərərək qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin milli kimliyini təhrif və zəiflətməyə çalışırlar.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Azərbaycan   #İran   #Güney  

Oxunub: 807