Samir Şərifov Milli Məclisdə nədən danışdı?


17:43     07 Oktyabr 2015 a8f49d00075f19ff01602bf3ccccf17b8.jpg

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib.


Femida.az xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov da iştirak edib.

Nazir 2016-cı ilin dövlət büdcəsi haqqında çıxışı zamanı bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Onun sözlərinə görə, bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşdırılmasıdır.

"Qonşu dövlətlərdə milli valyutanın devalvasiyası nəticəsində Azərbaycan məhsullarının dəyərinin artıb, onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb. Bu qeyri-əlverişli şərait hökumətin tədbirlər görməsini zəruri edirdi. Buna görə, milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi bir daha müşahidə olunur. Neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir”.

Nazir qeyd edib ki, dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb: “Sosial iqtisadi inkişaf proqnozlarının, ÜDM artımının əvvəlki proqnozdan 1,1% az, yəni 3,3% olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6%, qeyri-neft sektorunda 5,9% artım proqnozlaşdırılır. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,08 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1% azdır. Cari ilin xərclərinin icrası isə 84% səviyyəsində gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 16% azdır".

Açar sözlər:

Oxunub: 1187