Kəlbəcərli məcburi köçkün: “Qorxu və təlaş icindəyik” (VİDEO + FOTO)


18:58     07 Oktyabr 2015 353.jpg

Kəlbəcər rayonu Cəmilli kənd sakini Nəsibə Musayeva 20 ildən çoxdur Göygöl rayonunda məskunlaşıb. Gəncə şəhər Televiziya və Radio Yayım Fondunun anbarında uçuq-sökük bir daxmada yaşayan N.Musayeva hələ də normal mənzillə təmin olunmağını gözləyir.


Femida.az-a bu barədə məlumat verən şikayətçi bildirir ki, dünən Qərb zonasında yağan güclü yağış onların məskunlaşdığı tikiliyə ciddi zərər vurub. Məcburi köçkünlərin mənzil kimi istifadə etdikləri daxma sel suları ilə dolub.

N.Musayeva deyir ki, qarşılarında yeganə çıxış yolu kimi intiharı görürlər.



Dəfələrlə Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etsə də, tələbi nəzərə alınmayıb:

“2005-ci ildə Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət edib ev növbəsinə yazıldım. 10 il keçsə də, evlə təmin olunmamışam. Halbuki, bu müddət ərzində iki dəfə qaçqın və məcburi köçkün ailələrinə ev paylanılıb. Rayon İH-nin başçısına dəfələrlə müraciət etmişəm. Heç bir nəticəsi olmayıb. Mənə gələn cavab məktubunda gözləməyim tövsiyə edildi. Göygöl rayonunda inşa edilən və istifadəyə verilən çoxmərtəbəli binalardakı mənzillərlə təmin olunmağımız gecikdirilir, müraciətlərimiz qulaqardına vurulur. Dəfələrlə icra başçısının qəbuluna düşməyə çalışmışam. Lakin İH-də çalışan məmurlar buna mane olub”.



N.Musayevanın sözlərinə görə, 2011-ci ildə qaçqın və məcburi köçkünlərə yeni mənzillər verilib. Lakin bir çox vətəndaş kimi o da bu evlərdən pay görməyib:

“Cəmilli kənd icra nümayəndələri bizi kölə vəziyyətində saxlayırlar. Biz şikayətimizi mediaya işıqlandırmaq istədiyimiz vaxt bizi "Əgər bu xəbərlər mediaya yayılsa gününüzü görərsiniz" sözləri ilə hədələyirlər. Buna görə də bizə təzyiqlər danılmazdı. Onlar həyat yoldaşım Fariz Zakiroğlunu, qayınatam Zakir Daşdəmir oğlu Musayevi şərləməklə hədələyirlər”.



Çox pis şəraitdə yaşadıqlarını görüntülərlə sübut edən N.Musayeva övladlarının kərtənkələlərlə birgə böyüdüyünü deyir:

“Dəfələrlə evimizdə kərtənkələ tapılıb. Bir dəfə hətta uşağı kərtəngələ çalmışdı. Həkimlərin səyi nəticəsində uşaq ölümdən döndü. Çox dözülməz vəziyyətdir, ilanlar və kərtənkələlər evimizin icində gəzirlər, qorxu və təlaş icindəyik”.





Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2887