“Səni deyirlər” mahnısının ifaçısı: Məqsədim Urmu gölü böhranını hamıya çatdırmaq olub (VİDEO)


15:05     10 Sentyabr 2018 2018/09/senideyirler_1536563377.jpg

Son günlər Güney və Quzey Azərbaycanda məşhurlaşan, hamının dinlədiyi və rəqs etdiyi "Səni deyirlər" mahnısının ifaçısı İbrahim (Ətabək) Əlizadə məşhur mahnını oxumaqdan məqsədini açıqlayıb.



O bu barədə Azərbaycan Respublikasının ATV Telekanalına danışıb.

“Mənim bu mahnını oxumaqda əsas məqsədim əhalidə xoş anlar və şənlik yaratmaq olmayıb, Məqsəd Urmu gölü böhranı haqda mesaj vermək və türk dilini qiymətləndirməkdən ibarət olub. İstədim ki, (Güney) Azərbaycanda türkcə mahnılar oxunsun və dinlənilsin. Biz türkük, insanlar türk mahnıları ilə dil və milli kimliklərini qoruyurlar. Bu mahnı 30 il əvvəl yazılıb, mən əksər toylarda onu oxuyuram və heç bir siyasi xarakter daşımır. İfaçının oxuma tərzi xüsusi əhəmiyyət daşıyır, mən öz ifamda Urmu gölünün qurudulmasına xüsusi təkid etmişəm”- deyə o bildirib.

İ.Əlizadə əlavə edib ki, “Mən mesajımı çatdırmağa çalışdım. Urmu gölü biz azərbaycanlılar üçün olduqca önəmlidir, bizim gözümüzün işığıdır, onu gördükcə kövrəlirik...”

Qeyd edək ki, bütün Güney Azərbaycan şəhərləri və Tehranda yaşayan Azərbaycan türkləri evlərində, küçədə, məktəbdə, stadionda, iş yerlərində “səni deyirlər” mahnısının sədaları altında böyük coşğu ilə rəqs etdikləri videoları kütləvi şəkildə sosial şəbəkələrdə paylaşırlar.

Mahnıda Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri Urmiyə və gölü vəsf edilir. Soydaşlarımız bu mahnının sədaları altında rəqs etməklə İranda Türk dilinin sıxışdırılmasına və Urmu gölünün qurudulmasına etiraz edirlər.

Başladılan rəqs kampaniyasına Şimali Azərbaycanda da qoşulublar. Tanınmış simalardan tutmuş sadə vətəndaşlara kimi bir çoxları bu axına dəstək verir.



Femida.az

Açar sözlər:

Oxunub: 706