Məktəb ləvazimatı, yoxsa narkomaniyanın təbliği? - ARAŞDIRMA


19:00     10 Sentyabr 2018 18_09_10_1536577183.jpg


Dərs ilinin başlamasına az qalmış məktəbqabağı bazarlıq da intensivləşib. Bu isə məktəb ləvazimatları satışı ilə məşğul olan sahibkarların malların sayını və çeşidlərini çoxaltmağa vadar edib. Hətta Bakıda metroların qarşısında müvəqqəti yarmarkalar da açılıb. Malların keyfiyyəti və uşaqlar üçün nə dərəcədə zərərli olub-olmadığı daim müzakirə olunur. Femida.az bu dəfə mövzuya başqa aspektdən yanaşıb. Belə ki, sosial şəbəkələrdə yayılan şpris qələm fotosu heç də birmənalı qarşılanmayıb. İçərisində qan şəklində görünən mürəkkəb isə qələmin psixoloji təsirini ikiqat artırıb.

Bu qələm yazı vasitəsindən daha çox narkomaniyanın təbliğatı kimi xarakterizə etmək olur. İkinci növbədə isə orta məktəbdə oxuyan bir çox şagird iynədən qorxur. Uşaqları qorxuları ilə üz-üzə qoymaq hansı məntiqə sığışır? Bu həm də onların psixoloji durumuna dolayı yolla mənfi təsir etmək deyilmi?



Narkotikdən istifadənin təbliğatı

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də şagirdlərin istifadəsinə verilən avadanlıqların keyfiyyətindən və onların şagirdlərin yaş xüsusiyyətinə, psixologiyasına uyğunluğundan asılıdır:

“Dövlət qurumları təkcə şagirdlərin normal sinifdə, standartlara cavab verən müasir dərsliklərlə dərs almasına nəzarət etməməlidir. Eyni zamanda 4472 orta ümumtəhsil məktəblərində təhsil alan 1.5 milyon şagirdin istifadə etdiyi çanta, qələm, dəftərlərə də nəzarət etməlidir. Çünki bir çox hallarda onların üzərində təhlükəli şəkillər, reklamlar olur.

Bu gün ölkədə özəl sektor üçün geniş imkanlar yaradılıb. Hazırda mövsümü olduğu üçün məktəbli ləzavimatları satışı məntəqələri çoxalıb və təəsüf ki, onlara nəzarət olunmur. Satışı həyata keçirən şəxslər gəlir əldə etmək üçün bəzən milli dəyərlərimizə xələl gətirən məktəbli ləvazimatlarının satışını həyata keçirirlər.

Şprits qələm ilk baxışdan maraqlı və cəlbedici görünə bilər. Amma bu, ilk baxışdan belədir. İndi informasiya əsridir. Şagirdlər nəzarətsiz halda internet resurslarından təhlükəli informasiyalar əldə edirlər. Əgər indiyə qədər bunu hansısa kinoda, şəkildə görən şagirdlər, indi praktiki olaraq həmin şpritsi əllərinə alırlar. Bu şprits qələm birbaşa şagirdlərə narkotikdən istifadəni təbliğ edir. Yox, əgər məqsəd bu deyilsə, bəs nədir?

Bilirsiz, bəzi şəxslər düşünə bilər ki, bu şagirdlərdə həkimlik peşəsinə maraq oyatmağa xidmət edə bilər. Xeyr, əgər hansısa bir reklamın, əşyanın bir neçə mənası və istiqaməti varsa, bu təhlükəlidir.



Millətə qarşı cinayətdir

Ekspert bu tipli satışın cinayət olduğunu deyib:

“Belə qələmin satışı, yayımı cinayətdir. Bu tipli qələmlərdən istifadə dövlətin siyasətinə ziddir. Ölkə başçısı gənclərin sağlam ruhda böyüməsi, onların milli vətənpərvərlik quhunda tərbiyə olunması üçün çalışır. İnsanların narkotikdən istifadədən uzaqlaşdırılması üçün işlər görülür. Amma bu qələmləri ölkəyə gətirənlər, onun satışını həyata keçirənlər praktiki olaraq şagirdlərin şüuruna təsir göstərirlər. Onların təhlükləli istiqamətdə marağının oyanmasına səbəb olurlar.

Hesab edirəm ki, məktəb direktorları dərs başlayandan sonra siniflərdə monitorinqlər aparmalı, şüura təsir göstərən dizaynda olan qələmlər, üzərində təhsilə, şagirdə aid olmayan reklam, şəkil olan dəftərləri, çantaları istifadədən yığışdırılmalıdır.

Düşünürəm ki, azyaşlı məktəblilər üçün nəzərdə tutulan bu qələmlərin, üzərində əxlaqsız şəkillər olan dəftərlərin satışını həyata keçirənlər millətə qarşı ağır cinayət törədirlər. Görün bizim biznesmenlər 6-16 yaşlı məktəblilərə nələri təklif edirlər?

Təəsüflər olsun ki, bir səlahiyyətli orqan tapılmayıb ki, bu biabırçılığa yol verənləri cəzalandırsın”.

Şüuraltı mesaj

Ankarada yaşayan azərbaycanlı psixoloq Vəfa Rəşidova femida.az-a bildirib ki, valideynlər uşaqlara ləvazimat seçərkən çox diqqətli olmalıdırlar:

“Məktəb ləvazimatlarının rənginə, gözəlliyinə vurulub almaq olmaz. Valideyn uşağın intelektual səviyyəsini yüksəldəcək ləvazimat almalıdır. Məntiqlə yanaşsaq, görərik ki, əşyalar insan həyatında böyük rol oynayır, xüsusilə də məktəbli uşaqlar üçün. Məsələn, biz ən sevdiyimiz məktəb əşyalarımızı indi də xatıralaya bilərik. Bir məktəblinin qələmi şprits formasındadırda, bu uşağa şüuraltı mesajdır. Uşaq özü bunun fərqində olmaya bilər. Amma həmin qələm uşağın şüur altına oturur və psixologiyasına ciddi mənfi təsir göstərir. Bu bir növ dəlinin yadına daş salmaqdır. Məsələn, bir neçə il sonra uşaq internetdə narkomaniyanın nə olduğunu öyrənəndə artıq həmin şey onun üçün adi gələcək. Çünki onun məktəb qələmi elə şpritsdir və içindəki mürəkkəbin qırmızı rəng olması qanı xatırladır”.



Ən bahalısı ən yaxşısı demək deyil

Psixoloqun sözlərinə görə, əşyalar elə seçilməlidir ki, məktəblidə gözəl təəssürat yaratsın:

“Valideynlərə demək istəyirəm ki, həddindən artıq diqqətli olsunlar. Mağazada çox şey satıla bilər. Onlar əşyanın gözəlliyinə , yaxud qiymətinə aldanmasınlar. Məsələn, valideyn uşağa deyə bilər ki, mən sənə bu cür bahalı ləvazimatlar alıram, yaxşı oxu. Qətiyyən belə yanaşmadan uzaq durum. Çünki valideynlər bahalı ləvazimat almaqla rahatlıq tapır ki, uşağım üçün ən bahalısını, ən yaxşısını alıram. Amma dərinə gedəndə görürük ki, bahalığına baxmayaraq, bu ləvazimat məktəbli üçün neqativ düşüncə yaradır.

Məktəbdə fərqli ailələrdən, fərqli xarakterdə uşaqlar var. Onlar bunu araşdırıb narkomaniyanın nə olduğunu öyrənəcəklər, daha sonra onu məktəbdə mövzuya çevirəcəklər. Mövzuya çevriləndə isə şagirdlərin beyninə oturacaq.Beləcə xəbəri olmayanlar da öyrənəcək. Bu məqamda uşaq gəlib evdə valideyninə deyəcək ki, başqa uşaqda var mən də o qələmdən istəyirəm. Belə halda valideynlər uşaqlarla söhbət etməli onlara məsələnin pis tərəflərini izah etməlidir. Birbaşa rədd cavabı vermək olmaz”.

Sadə ləvazimatlara üstünlkü verilməlidir

Psixoloq Mehriban Mütəllimova da məsələ ilə bağlı Femida.az-a danışıb:



“Əvvəla qeyd edim ki, bu kimi qələmlər məktəbə yeni-yeni addım atan uşaqların təlimə uyğunlaşmasında böyük maraq yaratmış olsa da, uşaqların diqqətinin yayınmasına səbəb olur. Həm qələmi istifadə edən uşağın, həm də digər uşaqların fikri qələmdə qalır. Məktəbə yeni başlayan uşaqlar oyun oynama dövründən təlimə uyğunlaşma mərhələsinə yeni keçdikləri üçün bu cür ləvazimatlar diqqətlərinin tez bir zamanda yayınmasına səbəb olur. Eyni zamanda uşaqların düzgün yazı yazmasına narahatçılıq yaradır.

Böyük ehtimalla bu tipli qələmləri satışa çıxaran şəxs uşaqlara tibbi, iynəni sevdirmək və ya məktəbə marağın artırılmasını məqsəd güdüb. Lakin özü də fərqində olmadan onlar üçün mənfi situasiya yaradıb. Odur ki, valideynlerin uşaqlar üçün adi qələmlər alması daha məqsədəuyğundur”.

Xatırlatma

Yeri gəlmişkən, 2016-cı ildə də analoji məsələ gündəmə gəlmişdi. Həmin dövrdə məktəblilər üçün dəftər ləvazimatları bazarında günəbaxan tumlarının reklamlarına rast gəlinmişdi. Belə ki, "Bozbash Pictures" layihəsinin aktyoru Elşən Orucovun ("Fəlakət" obrazı ilə tanınan) dəftərlər üzərində günəbaxan tumlarını reklam etməsi diqqət çəkmişdi. Amma ləvazimatın üzərində hansı nəşriyyatlar tərəfindən çap edildiyi qeyd olunmamışdı.



Azyaşlılar üçün nəzərdə tutulan ləvazimatların uyğunsuz şəkildə hazırlanması, yaxud gizli reklam yerləşdirilməsi nə dərəcədə doğrudur?

Femida.az məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Lakin əvvəlki müraciətlərdən fərqli cavab gələcəyinə də ümid etmək çətindir. Belə ki, hər tədris ili öncəsi ləvazimatların satışı ilə bağlı bu cür problemlər yarana bilir. Lakin Təhsil Nazirliyi məsələni şərh etməkdən boyun qaçırır. Çünki məktəbdə istifadə olunacaq əşyalar hər bir şagirdin şəxsi əşyası sayılır və öz seçimi əsasında valideynləri tərəfindən alınır. Buna görə də Nazirlik bu kimi məsələlərə nəzarət etmir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məktəb   #təhsil   #Nazirlik   #şagird   #narkomaniya   #psixoloq   #ekspert   #uşaq   #femida   #araşdırma  

Oxunub: 6479