Oliqarxların məhkəməsində hakim və AMEA işçisi dindirildi


21:35     07 Oktyabr 2015 4cb141bee67c.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Femida.az-ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmədə şahid qismində dindirilən Avropa İqtisad Məhkəməsinin hakimi Rasim Orucov bildirib ki, 2013-cü ildə “Şərur İsfəndiyar”ın qardaşı oğlu Eldəniz Axundovun hüquqşunası olub:


“Araz Eyvazovu o vaxtkı məsələlərdən tanıyıram. Araz “Procter and Gamble” şirkətində işləyirdi və Azərbaycanda çox sərfəli biznes qurmuşdu. Eldəniz Axundov onda məndən xahiş etdi ki, Arazla görüşüm. Çünki Arazın malları gömrükdə qalmışdı və buna görə də borcunu qaytara bilmirdi. Araz mənə müraciət edib dedi ki, malları götürə bilmədiyi üçün Eldənizdən aldığı borcu qaytara bilmir və həmin borcu rəsmiləşdirmək istəyir. Mən müqavilə hazırladım və bunun əsasında notariatda Arazın Eldənizə 1 milyon 155 min dollar borcu olduğu və qaytarmaq üçün vaxt istədiyinə dair müqavilə imzalandı. Araz ona inanmağımız üçün evinin sənədlərini və yoldaşı ilə özünün şəxsiyyət vəsiqələrini bizə təqdim etdi. Dedi ki, əgər borcu qaytara bilməsəm evi götürərsiz. Amma biz onu qəbul etmədik. Sonra Araz başına gələn hadisələrlə bağlı bir ərizə yazdı və mən onu rəsmiləşdirdim. Orada qeyd etmişdi ki, Eldənizdən aldığı pulun bir qismini başqalarından götürdüyü pulun sələminə ödəyib. Ərizədə göstərmişdi ki, 40 min dollar pul aldığı adam 940 min dollar sələm ödəyib”.

Bundan sonra Kənan Buludzadə şahid qismində dindirilib. O, Eldəniz Axundova məxsus “AQAT” restoranında nəzarətçi işlədiyini deyib: “O vaxt Eldəniz müəllim mənə zəng edib dedi ki, Araza anbarın açarını ver, malları götürüb aparsın. Mən də elə etdim. Arazın nə apardığını bilmədim. Özü qeyd edirdi, axırda da həmin qeyd etdiyi vərəqi mənə verib getdi”.

Şahid həmin qaralamanı məhkəməyə təqdim edib. Təqsirləndirilən Araz Eyvazov bildirib ki, həmin qaralamanı o yazmayıb və imza da ona aid deyil. Bundan sonra məhkəmə qaralamanın Araza məxsus olub-olmadığını aydınlaşdırmaq üçün ekspertiza təyin etmək barədə qərar verib. Zərərçəkən Eldəniz Axundov bildirib ki, həmin mallar Arazın ona olan borcu qarşılığında anbara yığılıb: “Arazın mənə borcu var idi və qaytara bilmirdi. Əvəzində həmin malları gətirib mənim obyektimə yığdılar. Sonra bildim ki, bu mallar saxtadır. Dedim yığıb aparsınlar, satıb mənim pulumu versinlər. Onlar da götürüb apardı. Araz özü də Vüsalən Türkiyədən saxta mal göndərdiyini bilirdi. Vüsal ordan heç 30 maşın mal göndərməyib, amma məndən 30 maşın üçün gömrük pulu alıblar”.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstututunun elmi işçisi Şövqi Həsənov da məhkəmə şahid qismində dindirilib. Məhkəmədə onun adı Vüsal Cəfərovla birgə Türkiyədən mal gətirən və malların qiymətləndirilməsinə nəzarət edən şəxs kimi hallanır. Ş.Həsənov isə heç bir kommersiya fəaliyyətinin olmadığını deyib: “Mən heç kimdən pul almamışam, bizneslə də məşğul olmamışam. Vüsalla Araz mənə təklif etdilər ki, Türkiyədən gələn malların qiymətləndirilməsini aparım. Bu məsələ ilə bağlı Eldəniz müəllimlə də görüşdük. Burada malların neçəyə satılacağını Araz deyirdi, mən də yazırdım. Digər xərcləri də hesablayıb qalacaq qazancı və başqa hesabatları Eldəniz müəllimə təqdim edirdim. Buna görə mənə qazancım 10%-i məbləğində pul veriləcəkdi. Amma işlədiyim 3 ay müddətində bir qəpik də vermədilər. Mən bir dəfə “Atlas” şirkəti ilə müqavilə imzalamaq üçün Türkiyədə olmuşam”. Hakim bildirib ki, onun bu əməllərində cinayət tərkibi var: “Sən başqa yerə gedib işləməklə, kommersya ilə məşğul olmaqla dövlətdən aldığın 320 manat əmək haqqını talamısan. Vergidən yayınmaq və digər məsələlərlə bağlı sənin əməllərində cinayət işi var. Məhkəmə istintaqından aydın olur ki, Vüsal, Şövqi və Araz qabaqcadan əlbir olub cinayət əlaqəsinə giriblər. Mən araşdıracağam ki, niyə müstəntiq Şövqi ilə Vüsalı kənarda saxlayıb”. Şövqi Həsənov bildirib ki, onun pul məsələləri ilə əlaqəsi olmayıb: “Araz gəlib dedi ki, “Procter&Gamble” şirkətində “Gillet” və “Ariel”lər üçün endirim kampaniyası var. Buna görə Eldəniz müəllimdən pul aldı ki, ordan mal alsın. Maşınların gömrük pullarını da ofsidən Araz götürmüşdü. Hər maşın üçün təxminən 20-25 min dollar pul aldı. Əgər mallar saxta idisə, Araz niyə təkrar sifariş verirdi?

“Atlas” firmasının göndərdiyi malları Arazla mən “Sədərək”də qəbul etdik”. A.Eyvazov deyib ki, o belə bir mal qəbul etməyib: “Bəlkə Çövqi özü qəbul edib, satıb. O malların keyfiyyətsiz olduğuna görə özü şəkil çəkib Vüsala göndərmişdi. Özünün də “Sədərək”də toy ləvazimatları və yuyucu məhsullar satılan obyektləri var. Bakıxanov qəsəbəsində də icra hakimiyyətinin yanında marketi var”.

Təqsirləndirilən Araz Eyvazov bildirib ki, Vüsal Cəfərovun təklifi ilə Eldəniz Axundovla görüşüb: “Biz “Bank of Baku”nun Binəqədi filialında görüşdük. Birlikdə iş görmək barədə razılaşdıq. Vüsal sonra Türkiyədən nümunə üçün hər maldan bir “paçka” göndərdi, bazarda yoxladıq, yaxşı çıxdı. Sonra Vüsal əsas malları göndərdi. Həmin mallar saxta olub. Bunun üçün də Eldəniz Vüsala 50 min manat verib. Vüsal da orada Məsud adlı şəxslə obyekt tutublar, avadanlıq alıb saxta məhsulu “Ariel” qutularına vurublar. Yuyucu tozların içinə duz da qarışdırılıb. Belə olduğuna görə bizim burada payladığımız mallar geri qayıtdı. Biz hamımız yığışdıq, Vüsal da gəldi, dedi onu aldadıblar. Mən də məcbur olub malları ucuz satdım. Satılan mallardan da 50 min dolları “Elit” ticarət mərkəzinin qabağında Şövqi ilə görüşüb onun “Mercedes ML” markalı 99 CC 848 nömrəli avtomobilində ona verdim. İkinci dəfə Şövqiyə 75 min dollar verdim. Vüsal mənə demişdi ki, Eldəniz müəllim xaricdədi, sən pulu Şövqiyə ver. Sonra Eldəniz müəllim gəlib dedi ki, mənim xəbərim olmayıb. Sonra yenə Vüsalın göstərişi ilə qalan mallardan 10 min dollarlıq “Ariel”i Şövqiyə verdim, “Sədərək”dəki dükanında satdı”. E.Axundov məhkəməyə deyib ki, heç kim ona pul verməyib. A.Eyvazov bildirib ki, ona verilən ittihamda qeyd olunan 3,6 milyon dollar şişirtmə məbləğdi: “Vüsal Türkiyədə saxta malı ucuz qiymətə alıb, ama original maldan da baha qiymətə aldığını hesablayıb. Qiymət məsələsinə Vüsalla Şövqi baxırdı. Heç mən bilmirdim nəyi neçəyə alırdılar. Mən ancaq malı bazara paylayıdı. Göndərdikləri mal da saxta olduğuna görə ziyan etdik. Bunlar da aldıqları mala şişirtmə qiymət yazıblar, onu da, malların satışından qazanılacaq pulu da, gömrüyə verilən pulu da hamısını mənim adıma yazıblar”. Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib. Qeyd edək ki, hazırda məhkəmə istintaqı davam etdirilən işdə Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu, hazırda Gömrük Komitəsində vəzifə tutan mayor Tağı Nağıyev, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov məhkəmədə zərərçəkmiş qismində tanınır.(Qafqazinfo)

Açar sözlər:

Oxunub: 1538