Keçmiş ərlə-arvadın məhkəməsində dava düşdü – Məhkəmə zalına polis çağırıldı


19:36     11 Sentyabr 2018 2018/09/xosgul-necefova_1536665471.jpg

Sumqayıt şəhər sakini Nəcəfova Xoşgül İzzət qızının əri tərəfindən evinin satılması və küçələrə atılması barədə məlumat vermişdik.


2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu Xoşgül Nəcəfovaya məxsus evi satdıqdan sonra onu küçələrdə qoyaraq Rusiya Federasiyasına qaçıb. Evlilikdən əvvəl Zaura Allahverdiyev Xoşgül Nəcəfovadan borc olaraq 23 min dolları qaytarmadığı üçün iş məhkəməyə qədər uzanmışdı.Bir müddət əvvəl Femida.az -a müraciət edən Xoşgül Nəcəfova Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi cavabdeh şəxs tərəfindən icra olunmadığını və müxtəlif bəhalərlə icradan yayındığını bildirmişdi.

Xoşgül Nəcəfovanın sözlərinə görə,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmasına baxmayaraq Zaur Allahverdiyev qanunlara tabe olmur.

Femida.az xəbər verir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini yerinə yetirmədiyinə görə, Allahverdiyev Zaur Mənsim oğluna Azərbaycan Respublikası CMP-nin 292.1-ci maddəsinə əsasən Zaur Allahverdiyev barəsində CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib.




(Təqsirlənirilən şəxs Zaur Allahverdiyev)

Hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən hazırlıq prosesində zərərçəkmiş şəxs Xoşgül Nəcəfova keçmiş əri Zaur Allahverdiyevin saxta əlillik dərəcəsi aldığını və bu səbəbdən də ona ödənilməli olan məbləğdən boyun qaçırdığını iddia edib.Bu iddia tərəflər arasında davaya səbəb olub.Məhkəmə zalına polis əməkdaşları dəvət olunub.

Zərərçəkmiş şəxs Xoşgül Nəcəfova məhkəmə prosesindən sonra saytımıza açıqlamasında bildirib ki, keçmiş əri onun evini satıb,küçəyə atdıqdan sonra maddi durumu olduqca acınacaqlıdır. Hazırda bloklarda gecələdiyini və məhkəmə proseslərinə gəlmək üçün maddi imkanının olmadığını bildirib. Xoşgül Nəcəfova həmçinin maddi imkansızlıq səbəbindən hüquqlarını müdafiə edəcək vəkillə müqavilə bağlaya bilmədiyini və Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan kömək istədiyini bildirib.

“Özüm hüquqi cəhətdən çox savadsızam.Vəkilim də yoxdur. Kollegiyanın sədrindən xahiş edirəm ki, hüquqlarımın müdafiə edilməsi üçün mənə yardım etsin”, deyə zərərçəkmiş şəxs bildirib.




Femida.az məsələ ilə bağlı təqsirləndirilən şəxs Zaur Allahverdiyevin vəkili Kamandar Hüseynov ilə əlaqə saxlayıb.Vəkilin sözlərinə görə,Zaur Allahverdiyevin müdafiəsinə yeni qoşulub və bəzi məsələlərdə qanunsuzluğa yol verilib.

“Hüquqlarını müdafiə etdiyim şəxs Allahverdiyev Zaur Mənsim oğlu 1-ci qrup əlildir.Bu səbəbdən də üzürlü səbəblərdən məhkəmə qətnaməsini icra edə bilməyib. Aydındır ki, bu qrupa aid olan əlillər əmək qabiliyyətinə malik deyil.Belə olan halda onun qeyd olunan məbləği qaytarmaq imkanı real görünmür. Hesab edirəm ki, əvvəlki instansiya məhkəmələrində ona verilən əlillik dərəcəsinə görə təqaüddən hissə-hissə tutulub zərərçəkmiş şəxsə ödənilə bilərdi. Bu isə baş verməyib.



( Vəkil Kamandar Hüseynov)

Əslində İnzibati Protokolun tərtib edilməsi, onun 528-ci maddə ilə məsuliyyətə cəlb olunmasını qanunsuz hesab edirəm.İcra məmuru həmin şəxsin gəlirinin olub-olmadığını yoxlamalı idi. Burada onun əlillik müavinətindən müəyyən məbləğ tutulub qarşı tərəfə veril bilərdi. Bu isə baş verməyib. Həmçinin hüquqlarını müdafiə etdiyim şəxs barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanmasını da qanunsuz hesab edirəm.Çünki Zaur Allahverdiyev məhkəmə qərarlarını qərəzli şəkildə yox, üzürlü səbəbdən yerinə yetirə bilməyib.1-ci qrup əlil məhkəmə qərarını yerinə yetirə bilmirsə, bu qərəzli şəkildə icra etməmə kimi təqdim edilə bilməz”, deyə vəkil bildirib.
Xatırladaq ki, növbəti məhkəmə prosesi sentyabrın 20-ə təyin edilib.




Miri Məcidli
Femida.az

Açar sözlər: #Məhkəmə   #kriminal   #sabunçu_Məhkəməsi   #Zaur_Allahverdiyev   #Xoşgül_Nəcəfova   #Hakim   #Vəkil  

Oxunub: 1616